Gimnastımız dünya çempionatının gümüş medalını qazanıb
Azərbaycan gimnastı Bilal Qurbanov Çinin Nankin şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.
QELEBE.AZ xəbər verir ki, batut gimnastikası və tamblinq üzrə III Gənclərarası Dünya çempionatı və 32-ci Dünya Yaş Qrupları Yarışlarında təmsilçimiz uğurlu çıxış edib.
Tamblinq üzrə 17-21 yaş kateqoriyasında mübarizə aparan Qurbanov təsnifat mərhələsində 52,400 xal toplayaraq ikinci yerdən finala yüksəlib. Digər gimnastımız Hüseyn Abdullayev isə 48,900 xalla səkkizinci yeri tutaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Finalda 27,000 xal toplayan Bilal Qurbanov gümüş medala sahib çıxıb. Hüseyn Abdullayev isə 25,700 xalla beşinci olub.
Qeyd edək ki, noyabrın 12-15-də keçirilən yarışlarda batut gimnastikası, tamblinq və ikili mini-batut proqramları üzrə mübarizə aparılır. Yarışlarda 40-dan çox ölkə və regiondan 2000-dən artıq idmançı, məşqçi və texniki nümayəndə iştirak edir.

https://qelebe.az//uploads/photo/gimnastimiz-dunya-chempionatinin-gumush-medalini-qazanib.webp