“Əvvəl diplom, sonra milyonlar” – NBA əfsanəsindən övladlarına şərt
NBA əfsanəsi Şakil Onil övladlarının onun sərvətindən yararlana bilməsi üçün maraqlı şərt qoyub.
Apasport.az xəbər verir ki, sərvəti təxminən 500 milyon ABŞ dolları həcmində qiymətləndirilən keçmiş basketbolçu övladlarından ali təhsil almalarını tələb edir.
Onil bildirib ki, övladları atasının sərvətindən pay almaq istəyirlərsə, iki və ya üç universitet diplomuna sahib olmalıdırlar.
“Sərvətimdən pay almaq istəyirsinizsə, iki və ya üç diplom almalısınız. Mənim bakalavr və magistr diplomum var. Siz də bu pullardan yararlanmaq istəyirsinizsə, əvvəlcə təhsil almalısınız”.
54 yaşlı keçmiş basketbolçu övladlarının yalnız atasının var-dövlətinə güvənməsini istəmir. O, onların müstəqil karyera qurmasını və öz uğurlarını qazanmalarını vacib sayır.
Şak daha əvvəl də övladlarına “Biz varlı deyilik, mən varlıyam” söylədiyini açıqlayıb. NBA əfsanəsi övladlarının biznes layihələrinə sərmayə yatırmaq üçün onlardan ciddi iş planı da tələb etdiyini bildirib.
Qeyd edək ki, Şakil Onil NBA tarixinin ən məşhur basketbolçularından biridir. O, karyerası ərzində dörd dəfə NBA çempionu olub və üç dəfə final seriyasının ən dəyərli oyunçusu (MVP) seçilib.

https://qelebe.az//uploads/photo/evvel-diplom-sonra-milyonlar-nba-efsanesinden-ovladlarina-shert.webp