Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
Bakıda eşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
QELEBE.AZ xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İlk dəfə olaraq Himnimiz işarət dili ilə də təqdim edilib.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti İosif Stavrakakis və Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri Anar Bayramov çıxış ediblər.
Çıxışlarda yarışın əhəmiyyəti, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və idman vasitəsilə sosial fəallıqlarının artırılması istiqamətində görülən işlər vurğulanıb.
Anar Bayramov ölkəmizdə Deflimpiya hərəkatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O, Yaponiyada keçirilən son Deflimpiya Oyunlarında qazanılan gümüş medalın gənc idmançılar üçün stimul olduğunu qeyd edib.
Daha sonra Bayramov ilk dəfə Azərbaycanda təşkil olunan Avropa çempionatını açıq elan edib. Tədbirdə Deflimpiya hərəkatının yaranmasından bu günədək keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Açılış mərasimi bədii proqramla davam edib.

https://qelebe.az//uploads/photo/bakida-cudo-uzre-avropa-chempionatinin-achilish-merasimi-kechirilib-foto.webp