Füzuli Məmmədov: “Neftçi” mərhələni keçəcək potensiala malikdir”

Füzuli Məmmədov: “Neftçi” mərhələni keçəcək potensiala malikdir”

“Azərbaycan klubları avrokuboklarda mübarizəni uğurla davam etdirir”.

Bunu Apasport.az saytına açıqlamasında “Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov deyib.

Mütəxəssis “Qarabağ”, “Sabah”, “Zirə” və “Neftçi”nin çıxışını dəyərləndirib:

“Qarabağ” doğma meydanda qələbə qazana bilməsə də, rəqibindən üstün futbol oynadı və oyuna tam nəzarət edirdi. Komanda həm keyfiyyət, həm də avrokubok təcrübəsi baxımından üstünlük təşkil edir. Heyətdə dəyişikliklər olsa da, “Qarabağ” oyundan-oyuna daha yaxşı təsir bağışlayır. Düşünürəm ki, komanda Sofiyada da dominant futbolunu davam etdirəcək və yaranacaq qol imkanlarından istifadə etsə, mərhələni keçəcək. Ağdam təmsilçisi heç nəyi dəyişməməlidir. Yenə öz oyununu oynamalı, dominant olmalı və sadəcə yaratdığı epizodları qola çevirməlidir”.

Məmmədov “Sabah”ın da uğurlu çıxış edəcəyinə inandığını söyləyib:

“Sabah” çox planlı futbol oynayan komandadır. Heyətində kifayət qədər keyfiyyətli futbolçular var, məşqçi işi də yüksək səviyyədədir. Qarşıda çətin rəqib olsa da, düşünürəm ki, komanda III təsnifat mərhələsini keçə bilər. Pley-off daha çətin olacaq. Amma mən “Sabah”ın liqa mərhələsində çıxış edə biləcək gücdə olduğunu düşünürəm”.

Təcrübəli mütəxəssis “Zirə”nin də növbəti mərhələyə yüksəlmək şansını yüksək qiymətləndirib:

“Zirə” son illər avrokuboklarda böyük təcrübə qazanıb. Komanda hər mövsüm daha inamlı çıxış edir. İlk oyunda məğlub olsa da, hesab edirəm ki, doğma meydanda rəqibini məğlub edib növbəti mərhələyə yüksələ bilər”.

“Neftçi”nin çıxışına toxunan Məmmədov komandanın potensialını yüksək qiymətləndirsə də, çatışmazlıqların olduğunu qeyd edib:

“İlk oyunun 15-20 dəqiqəsində “Neftçi” çox yaxşı təsir bağışladı. Hətta hesabın daha da böyüyəcəyini düşünürdük. Amma 2:0-dan sonra futbolçular sanki oyunun bitdiyini düşündülər, boşluqlar verdilər və rəqib bundan düzgün istifadə etməyi bacardı. Fiziki hazırlıq baxımından da komandanın artırmalı olduğu məqamlar var. Bununla belə, “Neftçi”nin heyəti kifayət qədər keyfiyyətlidir və mərhələni keçəcək potensiala malikdir. Sadəcə, bunu etmək asan olmayacaq. Rəqib döyüşkən, dinamik və yaxşı təşkilatlanmış komandadır”.

Məmmədovun fikrincə, Azərbaycanı liqa mərhələsində təmsil etməyə ən real namizədlər “Qarabağ” və “Sabah”dır:

“Məncə, “Qarabağ” və “Sabah” liqa mərhələsində oynaya biləcək gücdədir. “Zirə”nin də pley-offa yüksəlmək şansı yüksəkdir. Sonrası isə püşkdən və rəqibdən asılı olacaq. Arzu edirəm ki, “Zirə” də bu il liqa mərhələsinə vəsiqə qazansın”.

Məmmədov Azərbaycan klublarının mövsümün əvvəlində müəyyən çətinliklərlə üzləşməsini təbii hal sayıb:

“Mövsümlərarası fasilə çox qısa olur. Futbolçulara istirahət də vermək lazımdır, hazırlıq müddəti isə kifayət qədər olmur. Buna görə də ilk mərhələlərdə bütün komandalarda müəyyən çatışmazlıqlar görünür. Ancaq oyundan-oyuna bu problemlər aradan qalxacaq və komandalar daha da güclənəcəklər”.

Azərbaycan futbolunun inkişafından danışan Məmmədov bunun üçün hər kəsin çalışdığını vurğulayıb:

“Biz məşqçilər və futbol adamları Azərbaycan futbolunun inkişafını çox istəyirik. Bunun üçün hamımız çalışırıq. İnanıram ki, futbolumuz ildən-ilə daha da inkişaf edəcək və avrokuboklarda daha uğurlu nəticələr əldə edəcəyik”.

Mütəxəssis “Sabah”ın növbəti rəqibi barədə də fikirlər səsləndirib:

“Sabah”ın oyun üslubunu və potensialını yaxşı bilirəm. Tam səmimi deyirəm ki, bu komanda “Orxus”dan zəif deyil və mərhələni keçə biləcək səviyyədədir. Avrokuboklarda hər oyun çətindir. Kiçik bir diqqətsizlik belə məğlubiyyətlə nəticələnə bilər. Buna görə də maksimum diqqətlə oynamaq vacibdir”.