“Neftçi” veteran futbolçularını təbrik etdi

“Neftçi” veteran futbolçularını təbrik etdi

“Neftçi”nin veteran futbolçuları Tərlan Əhmədov və Kamal Quliyev klubun Futbol Mərkəzində qonaq olublar.

QELEBE.AZ xəbər verir ki, veteranlar “Palms Sports” Futbol Mərkəzində klubun baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşüblər.

Görüş zamanı 55 yaşını qeyd edən Tərlan Əhmədova və 50 illik yubileyi tamam olan Kamal Quliyevə xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Tərlan Əhmədov 1989-1991 və 1998-2002-ci illərdə “Neftçi”nin formasını geyinib. O, Bakı klubunda 121 oyun keçirib, 6 qol vurub. Müdafiəçi 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub və ilin futbolçusu seçilib. Əhmədov milli komandanın heyətində 75 matçda meydana çıxıb.

Kamal Quliyev isə 1997-2002-ci illərdə “Neftçi”də çıxış edib. O, “ağ-qaralar”ın heyətində 142 oyunda 24 qol vurub. Quliyev də 1999-cu ildə Azərbaycan Kubokunu qazanıb. Futbolçu Azərbaycan millisində 47 oyun keçirib.

Hər iki veteran 2011-2014-cü illərdə baş məşqçi Böyükağa Hacıyevin köməkçiləri olub. Həmin dövrdə “Neftçi” ardıcıl iki dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb və tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edib.

Tərlan Əhmədov 2017/18 mövsümündə “Neftçi”nin baş məşqçisi kimi çalışıb və komandaya Azərbaycan çempionatının bürünc medallarını qazandırıb.