15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək

15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək

“Mançester Siti”nin Premyer Liqadan xaric edilməsi ehtimalı İngiltərədə ciddi müzakirələrə səbəb olub.

Apasport.az xəbər verir ki, “Sky Sports”a danışan Premyer Liqanın iki yüksək vəzifəli klub rəhbəri “Siti”nin liqadan çıxarılması üçün lazım olan 15 klubun dəstəyinin toplanacağına inanmadıqlarını bildiriblər.

Onların fikrincə, belə qərar bütün liqa üçün böyük kommersiya itkisi yarada bilər.

Premyer Liqa qaydalarına əsasən, “Mançester Siti”nin yarışdan xaric edilməsi üçün digər klubların dörddə üçünün – yəni 15 klubun səsi tələb olunur. “Sky Sports”un məlumatına görə, bəzi klublar “Siti”nin qlobal kommersiya dəyərini nəzərə alaraq belə addımın televiziya gəlirlərinə, sponsorluq müqavilələrinə və ümumilikdə liqanın cəlbediciliyinə zərbə vuracağından ehtiyatlanırlar.

Bununla yanaşı, fərqli mövqedə olan klublar da var. Onların bir qismi yarışın nüfuzu və idman prinsiplərinin qorunması baxımından “Mançester Siti”yə sərt cəzanın tətbiq edilməli olduğunu düşünür.

Klub üçün mümkün sanksiyalar sırasında cərimə, xal silinməsi, transfer qadağası və Premyer Liqadan xaric edilmə də yer alır.

Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı ittihamların böyük əksəriyyətində təqsirli bilib. Klub isə ittihamları qəbul etmir və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.