Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”

Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”

Braziliya millisinin və “Real”ın sabiq futbolçusu Roberto Karlos Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.

QELEBE.AZ xəbər verir ki, 53 yaşlı veteran futbolçu Ronaldonun fiziki durumunu yüksək qiymətləndirib və onun daha uzun illər futbol oynaya biləcəyini bildirib.

“Kriştiano daha 10 il futbol oynaya bilər. Çünki fiziki baxımdan əsl güc abidəsidir. Rekordlar qırmağa davam edəcək və nə vaxt futboldan getmək istəsə, onda da gedəcək”, – deyə Roberto Karlos bildirib.

Ronaldo ötən axşam Portuqaliya millisinin UEFA Millətlər Liqasında Uelsə qarşı keçirdiyi oyunda start heyətində meydana çıxıb. 41 yaşlı hücumçu 67-ci dəqiqədə əvəzlənib. Portuqaliya görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb, yeganə qolu Joao Feliks vurub.

Qeyd edək ki, Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqaliya millisinin kapitanı karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib.