Musa Qurbanlı: “Ustalığımız çatmadı”
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Bakıda Tacikistanı məğlub edib - 1:0.
Matçdan sonra yığmamızın hücumçusu Musa Qurbanlı "apasport"un suallarını cavablandırıb:
- Qələbə haqqında nə deyə bilərsən? Oyun necə keçdi?
- Qalib gəldik. Bu oyunda qələbə bizim üçün çox vacib idi, xüsusilə də qarşıdakı rəsmi oyunlar öncəsi. Asan olmadı, ağır oyun keçdi. Çətin olacağını gözləyirdik. Amma əlbəttə, istəyərdik ki, daha yaxşı performans göstərək, daha çox qol epizodlarına girək və daha çox qol vuraq. Belə alındı. Əlbəttə, öz üzərimizdə işləməliyik. Həm fiziki, həm də taktiki cəhətdən özümüzü daha da inkişaf etdirməliyik. Ümid edirəm ki, rəsmi oyunlarda yaxşı nəticələr göstərəcəyik.
- Uzun müddətdir milli oyunlar olmurdu. Komandada atmosfer necədir?
- Ümumi atmosfer yaxşıdır. Uzun müddətdir, dediyiniz kimi, oyunlarımız olmurdu, bir araya gəlmirdik. Bugünkü qələbə də ona görə vacib idi ki, nə olursa-olsun, qalib gələk və ən azından düşərgədəki atmosferi daha da yaxşılaşdıraq, daha çox motivasiya ilə rəsmi oyunlara yollanaq. Düşünürəm ki, inşallah, bundan sonra daha yaxşı olacaq. Düzdür, yenə deyirəm, istəyərdik daha yaxşı performans göstərək, daha yaxşı oynayaq və daha çox qol vuraq. Amma belə alındı. Bu oyundan dərs çıxarmalı və növbəti matça hazırlaşmalıyıq.
- Xüsusilə ilk dəqiqələrdən təzyiq var idi, real qol epizodları yarandı. Onları qola çevirmək üçün nə çatmadı?
- Dediyim kimi, oyun bir qədər ağır keçdi. Amma əlbəttə, qol epizodlarını dəyərləndirə bilmiriksə, deməli, hansısa məqamda ustalığımız çatmadı. Üzərimizdə işləməliyik. Daha arxayın olmalıyıq, özümüzə inanmalıyıq. Düşünürəm ki, yaxşı nəticələr qazandıqca özünəinamımız da artacaq və yavaş-yavaş hər şey düzələcək.
- Qarşıda rəsmi matçlarda bizi sıx təqvim gözləyir. Həmin oyunlarda xal və ya xallar toplayaraq nəticəni yaxşılaşdırmaq şansını necə görürsən?
- Əlbəttə. Bizim məqsədimiz budur: maksimum xal toplamaq, maksimum nəticə göstərmək. Bunun üçün daha çox işləməli, oyunlarda daha çox mübarizə aparmalıyıq. Çünki asan olmayacaq. Amma düşünürəm ki, komanda şəklində bir araya gəlib birlik nümayiş etdirsək, bunun öhdəsindən gələ bilərik.

https://qelebe.az//uploads/photo/musa-qurbanli-ustaligimiz-chatmadi.webp