O, Formulada ilk azərbaycanlı pilot ola bilər - VİDEO

O, Formulada ilk azərbaycanlı pilot ola bilər - VİDEO

Azərbaycanlı gənc pilot Davin Cəfərov karyerasını davam etdirmək üçün sponsor dəstəyinə ehtiyac duyduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 16 yaşlı pilot sosial şəbəkə hesabında yayımladığı videoda Azərbaycanın iş adamlarına, şirkətlərinə və potensial sponsorlara müraciət edib.

İtaliyada doğulan və hazırda Portuqaliyada yaşayan Cəfərov bir neçə ildir peşəkar kartinqlə məşğul olduğunu, beynəlxalq yarışlarda və dünya çempionatında iştirak etdiyini bildirib. Onun sözlərinə görə, kartinqdəki çıxışları Formula komandalarının da diqqətini cəlb edib.

Gənc pilot Portuqaliyada Formula-4 testlərində iştirak etdiyini və artıq FIA Formula-4 səviyyəsində yarışmağa hazır olduğunu vurğulayıb. Lakin yüksək maliyyə xərcləri və sponsor dəstəyinin olmaması onun rəsmi dəvət aldığı yarışlarda iştirakına mane olur.

Cəfərov bu mərhələyə qədər ailəsinin dəstəyi ilə gəldiyini, lakin bundan sonra karyerasını davam etdirmək üçün stabil sponsorluğa ehtiyac duyduğunu bildirib:

“Ya bu yolda davam etməliyəm, ya da maliyyə dəstəyi olmadığı halda dayanmağa məcbur qalmalıyam. Amma mən bu yolun burada bitməsini istəmirəm. Bu səbəbdən Azərbaycanın imkanlı iş adamlarına, şirkətlərinə və sponsorlara müraciət edirəm”.

Davin Cəfərov sponsor dəstəyi alacağı təqdirdə qarşısına böyük hədəflər qoyduğunu da gizlətməyib: “Əminəm ki, yaxın illərdə Formula-2 və daha sonra Formula-1 səviyyəsinə qədər yüksələ bilərəm. Buna potensialım və yaşım da imkan verir”.

Qeyd edək ki, Davin Cəfərov hazırda Portuqaliyada yaşayır və hazırlığını burada davam etdirir.