Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama
Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musialanın karyerasını başa vuracağı barədə yayılan şayiələrdən sonra Münhen təmsilçisinin rəhbərliyi açıqlama verib.
QELEBE.AZ xəbər verir ki, son aylarda sağlamlıq problemləri ilə üzləşən 23 yaşlı yarımmüdafiəçinin futbolla vidalaşmağa hazırlaşdığı barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Lakin sonradan iddianın etibarlı mənbəyə əsaslanmadığı məlum olub.
“Bavariya”nın baş icraçı direktoru Yan-Kristian Dreezen Almaniyanın “Bild” nəşrinə müsahibəsində Musialanın vəziyyətinə münasibət bildirib:
“Musiala ilə bağlı artıq deyilməli olan hər şey deyilib. İndi ona vaxt verməli və futbol oynamasına imkan yaratmalıyıq. Cümə günü planlaşdırıldığı kimi meydana qayıtması məni çox sevindirdi. Ümid edirik ki, əvvəlki səviyyəsinə qayıdacaq”.
Klub rəhbəri Musialanın əvvəlki formasını bərpa etmək üçün zamana ehtiyacı olduğunu vurğulayıb:
“Camalın sağalması və əvvəlki səviyyəsinə qayıtması üçün ona kifayət qədər vaxt vermək bizim borcumuzdur. Eyni zamanda, klub qarşısında da məsuliyyətimiz var. Uli Höness və Karl-Haynts Rummenige də fərqli şəkildə məhz bunu ifadə ediblər”.
Dreezen komandanın baş məşqçisi Vensan Kompani və idman direktoru Maks Eberlin futbolçuya güvəndiyini də qeyd edib:
“Onların hər ikisi Camala inanır və onun əvvəlki formasını bərpa edəcəyinə əmindir. Biz də buna ümid edirik. Burada söhbət ilk növbədə insandan gedir. Hamımız onun sağlam və yenidən əvvəlki Musiala olmasını istəyirik”.
Baş direktor futbolçunun gələcəyi ilə bağlı tələsik qərar verilməyəcəyini də bildirib:
“Vəziyyəti bir neçə aydan sonra yenidən qiymətləndirəcəyik. Camalın durumu iki ay meydanlardan uzaq qalan digər futbolçulardan fərqlənmir. Ona qayıtmaq üçün vaxt lazımdır. İndidən nəticə çıxarmaq düzgün deyil”.
Qeyd edək ki, Musiala 2026-cı ilin avqustunda iki dəfə huşunu itirdikdən sonra onda nevroloji pozuntu aşkarlanıb. Mətbuatda futbolçunun qısa müddətli şüur itkisi ilə müşayiət olunan absans tutmalarından əziyyət çəkdiyi bildirilir. Bundan başqa, sentyabrda Almaniya millisinin düşərgəsində sağ bud əzələsindən zədə alan yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan uzaq qalıb. O, noyabrın 20-də “Köln”lə keçirilən Bundesliqa matçında (1:1) meydana qayıdıb.

https://qelebe.az//uploads/photo/futbolla-vidalashacagi-deyilen-musiala-ile-bagli-bavariyadan-achiqlama.webp