Ramazan Əhmədov dünya çempionatında gümüş medal qazandı - YENİLƏNİB
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin iki üzvü medal uğrunda mübarizə aparıb.
Apasport.az xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Ramazan Əhmədov finala yüksəlib.
O, həlledici görüşdə Türkiyə təmsilçisi İbrahim Tataroğlu ilə qarşılaşıb. Qarşılaşmadan məğlub ayrılan Əhmədov gümüş medalla kifayətlənib.
100 kq çəki dərəcəsində mübarizə aparan Davud Namazlı təsəlliverici görüşdə fransalı Qaya Sonntaqa ipponla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə isə gürcüstanlı Nikoloz Zaalişviliyə qalib gələrək mundialı bürünc medalla başa vurub.
Bundan əvvəl Ramazan Əhmədov 1/8 finalda monqolustanlı Temuulen Munxçuluunu, 1/4 finalda isə Niderland təmsilçisi Steyn Oldenhofu məğlub edib. Davud Namazlı isə 1/8 finalda qırğızıstanlı Fadil Məhəmməd İsmaqombetova, 1/4 finalda özbəkistanlı Muxammadobid Maxmarayimova qalib gəlib. Yarımfinalda isə məğlub olub.
Digər təmsilçilərimizdən 90 kq-da Süleyman Şükürov 1/16 finalda özbəkistanlı İnomjon Baxodirova uduzaraq mübarizəni dayandırıb. Eyni çəkidə çıxış edən Aslan Kotsoyev əvvəlcə Dilşod Naşirovu məğlub etsə də, növbəti görüşdə rusiyalı Ademirkan Tambiyevə yenilib.
100 kq-da Canpolad Əliyev ilk görüşündə ukraynalı İvan Harmaşı üstələyərək 1/16 finala yüksəlib. Lakin bu mərhələdə rusiyalı Vladimir Dosyaka ilə qarşılaşmadan məğlub ayrılıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki yarış gününü bir bürünc medalla başa vurub. Həmin mükafatı 66 kq çəki dərəcəsində Məhəmməd Musayev qazanıb.

https://qelebe.az//uploads/photo/ramazan-ehmedov-dunya-chempionatinda-gumush-medal-qazandi-yenilenib.webp