Valdas Dambrauskas: “Belə oyunlardan həzz almaq lazımdır”

Valdas Dambrauskas: “Belə oyunlardan həzz almaq lazımdır”

Misli Premyer Liqasının XII turunda "Sabah" "Sumqayıt"ın qonağı olub - 5:1.

QELEBE.AZ xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

- Böyük hesabın qeydə alınmasında qırmızı vərəqənin rolu oldu?

- Bəli, oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. "Sumqayıt" 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir.

- Xəyal Əliyevin performansını necə dəyərləndirirsiniz?

- Həqiqətən də, Xəyal bizim üçün çox önəmli oyunçudur. Bəzi həlledici anlarda ona fürsət veririk. O da fürsətdən yararlanmağa çalışmalıdır. Xəyalı meydançada görmək mənim üçün fərəh hissidir.

- Beş gün sonra "Barselona" ilə karyeranızın ən böyük oyununa çıxacaqsınız. Gecələr yata bilirsiniz?

- Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq.