Xankəndidə tarixi gün – Yenilənmiş stadionda ilk rəsmi oyun keçirilir - FOTO

Xankəndidə tarixi gün – Yenilənmiş stadionda ilk rəsmi oyun keçirilir - FOTO

Xankəndi şəhər stadionunda əsaslı təmir-bərpa və yenidənqurma işlərindən sonra ilk rəsmi futbol qarşılaşması keçirilir.

QELEBE.AZ xəbər verir ki, “Xankəndi” Futbol Klubu doğma şəhərində ilk rəsmi oyununda “Karvan-Yevlax”ı qəbul edir. 

Tarixi görüşdən əvvəl klub tərəfindən ilk ev oyunu münasibətilə xüsusi tədbir proqramı təşkil olunub.

Matçdan öncə “Xankəndi” klubunun rəsmi himni ictimaiyyətə təqdim olunub.

Görüşü izləyənlər arasında “Qarabağ Xankəndi” klubunun sabiq futbolçuları Samir Ələkbərov, Munis Abdullayev və Emin Səfərov da yer alıblar. Onlar qarşılaşmanın startından əvvəl PFL-ə açıqlama veriblər.

Arenada Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Matç şəhid övladının topa toxunuşu ilə başlayıb.

Stadion daha əvvəl “Qarabağ” və MOİK komandaları arasında keçirilən qarşılaşmaya ev sahibliyi edib. Sonradan arenada genişmiqyaslı yenidənqurma işləri aparılıb, infrastrukturu müasirləşdirilib, futbolçular və azarkeşlər üçün əlverişli şərait yaradılıb.

Yenidənqurmadan sonra stadionun açılışı Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. “Xankəndi” – “Karvan-Yevlax” matçı isə açılışdan sonra burada keçirilən ilk rəsmi oyun kimi tarixə düşüb.

Yenilənmiş stadionun istifadəyə verilməsi Xankəndidə futbolun inkişafı və şəhərin idman həyatının canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. “Xankəndi” klubunun doğma şəhərində ilk rəsmi matçını keçirməsi isə bu hadisəyə xüsusi tarixi məna qazandırıb.