AMADA rəsmiləri WADA-nın toplantısında
Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 73-cü iclası keçirilib.
QELEBE.AZ xəbər verir ki, toplantıda Azərbaycanı Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasın gündəliyinə CAHAMA-nın 72-ci toplantısının hesabatının təsdiqi, 2027-ci ilin martında keçiriləcək sədr və sədr müavini seçkilərinə hazırlıq, Katibliyin fəaliyyəti və WADA ilə əməkdaşlığın aktual məsələləri daxil edilib.
Müzakirələrin əsas mövzularından biri noyabrın 24-26-da Qazaxıstanın Astana şəhərində keçiriləcək WADA-nın İcraiyyə Komitəsi və Təsisçilər Şurasının iclaslarına hazırlıq olub. Avropa dövlətlərinin nümayəndələri qarşıdakı toplantıların gündəliyindəki məsələləri müzakirə edərək qlobal antidopinq siyasəti üzrə qitənin əlaqələndirilmiş mövqeyinin formalaşdırılması ətrafında fikir mübadiləsi aparıblar.
Bundan başqa, iclas çərçivəsində Avropa Şurasının Antidopinq Konvensiyasının müvafiq məşvərət qruplarının və ekspertlərinin təqdimatları dinlənilib. OneVoice təşəbbüsü və CAHAMA-nın mandatının həyata keçirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Açıq sessiyada isə antidopinq sahəsində aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

https://qelebe.az//uploads/photo/amada-resmileri-wada-nin-toplantisinda.webp