Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
“Beşiktaş” prezidenti Serdal Adalı komandanın transfer siyasəti, bəzi futbolçuların gələcəyi və “Qalatasaray”la bağlı maraqlı açıqlamalar verib.
QELEBE.AZ xəbər verir ki, klub rəhbəri “Fanatik”ə müsahibəsində yay transferləri zamanı Məhəmməd Salahın da gündəmdə olduğunu bildirib.
Adalının sözlərinə görə, misirli ulduzun keçidi baş tutsaydı, Duşan Vlahoviç transfer edilməyəcəkdi.
“Əgər Salahı alsaydıq, Vlahoviçi ala bilməyəcəkdik. Vlahoviçin transfer prosesini təxminən üç ay səssiz şəkildə izlədik. Sonda isə transferi bir həftə ərzində yekunlaşdırdıq”, – deyə o bildirib.
Adalı Orkun Kökçü və Vlahoviçin gələcəyi ilə bağlı da konkret danışıb. “Beşiktaş” prezidentinin sözlərinə görə, klub hazırda bu futbolçuları satmağı düşünmür:
“Bu komanda çempionluq üçün qurulub. Orkun da, Vlahoviç də heç yerə getməyəcək. Hədəfimizə çatmadan heç bir futbolçumuzla bağlı təkliflərə açıq deyilik”.
Klub rəhbəri yeni transferlərdən Olaitanın potensialına da toxunub. Adalı baş məşqçi Vinçentso İtalianonun futbolçunun gələcəkdə 50-60 milyon avro bazar dəyərinə çata biləcəyini düşündüyünü açıqlayıb. O, Fabio Mirettinin də böyük potensiala malik olduğunu bildirib.
Adalı “Beşiktaş”ın yay transferlərinin böyük hissəsini gözlədiklərindən daha sərfəli şərtlərlə başa vurduğunu bildirib.
Klub rəhbəri İlhan Fakılının transferini nümunə göstərib. Onun sözlərinə görə, futbolçu üçün əvvəlcə 1,5 milyonluq razılaşma əldə olunub, lakin klubun sahibi dəyişdikdən sonra tələb olunan məbləğ 3 milyona yüksəlib.
Adalı daha sonra bu mövzuda “Qalatasaray”a atmaca atıb. O, "sarı-qırmızılılar"ın transferlərə ödədiyi məbləğlərə toxunaraq belə deyib:
“Ödədikləri transfer haqlarına görə, Allah ‘Qalatasaray’a səbir versin”.
Qeyd edək ki, “Beşiktaş” Superliqanın son turunda səfərdə “Amedspor”a 2:3 hesabı ilə məğlub olub. İstanbul təmsilçisi 6 turdan sonra 12 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

https://qelebe.az//uploads/photo/serdal-adalidan-qalatasaraya-atmaca-quotallah-onlara-sebir-versinquot.webp