“Milan”ın sabiq futbolçusu butslarını "mismardan asdı"

“Milan”ın sabiq futbolçusu butslarını "mismardan asdı"

Mərakeş millisinin sabiq futbolçusu Adel Taarabt karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında paylaşıb.

Taarabt futbolun həyatının mühüm hissəsi olduğunu bildirib:

“Bilirdim ki, bu gün gələcək və artıq bu səhifəni bağlamağın vaxtıdır. Futbol uzun illər həyatımın mühüm hissəsi olub. Mənə inanılmaz xatirələr bəxş edib, möhtəşəm insanlarla tanış olmağa və heç vaxt unutmayacağım anlar yaşamağa imkan verib.

Mənimlə bu yolda olan hər bir kluba, məşqçiyə, komanda yoldaşıma, əməkdaşa və mənə sevgisini göstərən bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. "Lans"dan "Əl-Şarja"ya qədər təmsil etmək şərəfinə nail olduğum bütün klublara minnətdaram. Mərakeş millisində oynamaq isə hər zaman qəlbimdə xüsusi yer tutacaq”.

Qeyd edək ki, “Lans”ın yetirməsi olan Adel Taarabt karyerası ərzində “Tottenhem”, “Kuins Park Reyncers”, “Fulhem”, “Milan”, “Benfika”, “Cenoa”, “Əl-Nəsr” və “Əl-Şarja”nın da formasını geyinib.

O, Mərakeş millisinin heyətində 30 oyun keçirib və 4 qol vurub.