Valdas Dambrauskas: DOMİNANT VƏ İSTƏKLİ TƏRƏF BİZ İDİK
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u məğlub edib - 4:0.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
“Oyuna görə futbolçularımla fəxr edirəm. Bu qələbədə hər kəsin payı var. Danimarkadakı məğlubiyyətdən sonra çox şey əldə etmişdik. Bu gün detallar önəmli oldu. Səhvlərindən dərs çıxaran komanda meydandan qalib ayrıldı. İlk hissədə rəqibin yalnız bir epizodu oldu. Onu da qapıçımız dəf etdi. Dominant və istəkli tərəf biz idik. Rəqibin təzyiqi olsa da, oyunun ritmini əlimizdə saxladıq. İlk qoldan sonra müqaviməti qırmağı bacardıq və davamı gəldi. Bu gün qələbəni qeyd edəcəyik. Qarşıda bizi çox sıx qrafik gözləyir. Yaxşı bərpa olunmalıyıq".
- Rəqib olaraq kimin gəlməsini istəyərsiniz, "Srvena Zvezda", yoxsa "Hapoel Beer Şeva"?
- Bunu müzakirə etmək istəmirəm. Kimin rəqib olmasının yaxşı olacağını bilmirik. Hazırda çempionatı düşünürük. "Kəpəz" yenilənmiş komandadır.
- "Sabah" bu mövsüm ev oyunlarında qol buraxmayıb. Bunun xüsusi səbəbi var?
- Bunun xüsusi bir səbəbi yoxdur. İlk dəqiqələrdən etibarən dominant tərəf olmağa çalışırıq. Qol vurmaqdan doymuruq. Bu gün boşluqlardan yararlanıb daha çox qol vura bilərdik.
- Qapıçı və mərkəz hücumçusu transferi düşünürsünüz?
- Heyətimizdə 4 qapıçı var. Gənc və yerli qolkiperlərimizə çox güvənirəm. 10 yeni futbolçumuz var ki, hələ də əsas heyətdə meydana çıxmayıblar. Onlar özlərini zamanla göstərəcəklər. Heyətdəki hər kəs verilən tapşırıqları yerinə yetirməyə çalışır.
- Liqa mərhələsində hansı stadionda oynamağı düşünürsünüz?
- Bu, daha çox rəhbərliyə verilməli olan sualdır. Qaydalara görə öz stadionumuzda davam edə bilməyəcəyik. Necə olacağını görəcəyik.
- Mikelsin hücumun sivri ucunda daha effektli olduğunu gördük. Onu bu mövqedə oynatmağa davam etməyi düşünürsünüz?
- Mikelsin hər iki cinahda oynaya bilməsi bizim üçün sevindiricidir. Xoşbəxt məşqçiyəm ki, heyətimdə belə universal futbolçular var. Danimarkadakı matçda Patrik Mbina hücuma qoşulduqdan sonra təzyiqi artırmağı bacardıq. Bu gün isə fərqli oyun gördük. Rəqibin geri çəkiləcəyini gözləmirdik. Mikels sol cinahda oynasa da, sərbəst idi. İstədiyi anlarda hücumda mövqeyini dəyişirdi. Qollarda rəqibin səhvlərindən yararlandıq.
- Xander Severina sol ayağı ilə dəfələrlə zərbə vurmağa cəhd etdi. Bu, sizin tapşırığınız idi?
- Onun hər iki ayağı işləkdir. Sağ və sol ayaqları ilə oynamağı yaxşı bacarır. Zərbələri çox təhlükəlidir. Üç dəfə sol ayağı ilə saxta zərbə cəhdinə girdi. Dördüncü cəhdində isə topu çəkmədi, zərbə endirdi və qolla nəticələndi. Maluda da yeni gəldiyi zamanlarda belə idi. Onunla bu barədə danışmışdıq. "Top" futbolçular meydanda nə etməli olduqlarını yaxşı bilirlər.

https://qelebe.az//uploads/photo/valdas-dambrauskas-dominant-ve-istekli-teref-biz-idik.webp