İngiltərə Premyer Liqası: “Arsenal” gözlənilmədən “Bornmut”a məğlub olub
Çempionluq uğrunda yarışan “Arsenal” gözlənilmədən liqada qalmaq uğrunda mübarizə aparan “Bornmut”a 2:0 hesabı ilə məğlub olub.
“QELEBE.AZ” xəbər verir ki, “Vitaliti Stedium”da baş tutmuş matçı baş hakim Robert Cons idarə edib.
Əsasən aşağı tempdə keçən matçın birinci hissəsində oyun 30-cu dəqiqədə “topçular”ın müdafiəçisi Vilyam Salibanın meydandan qovulmasından sonra canlanıb. Təşəbbüsü ələ aln “albalı”lar hesabı ancaq 70-ci dəqiqədə aça bilib: şotlandiyalı Rayan Kristi niderlandlı Castin Klüyvertin ötürməsindən sonra topu tora göndərib. Cəmi doqquz dəqiqədən sonra məhsuldar ötürmənin müəllifi bu dəfə penaltidən vurulmuş qolla yadda qalıb və yekun hesabı müəyyənləşdirib: “Bornmut” – 2, “Arsenal” – 0.
Qeyd edək ki, londonluların səkkiz turdan sonra 17 xalı var. Üçüncü pillədə qərarlaşan Mikel Artetanın yetirmələri onlardan bir oyun az keçirmiş lider “Liverpul”dan cəmi bir xalla geri qalır. “Bornmut” isə bu qələbədən sonra turnir cədvəlindəki mövqeyini yaxşılaşdıraraq ilk onluğa daxil olub. İspaniyalı baş məşqçi Andoni İraolanın yetirmələri səkkiz oyuna 11 xal qazana biliblər.
Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted” yenicə ilk onluğa qayıtsa da, “Bornmut” onun planlarını pozub.

https://qelebe.az//uploads/photo/ingiltere-premyer-liqasi-arsenal-gozlenilmeden-bornmuta-meglub-olub.webp











