"Beşiktaş"ın baş məşqçisi: "Mahir Emreli istedadlı futbolçudur"
"Mahirin oyununu hələ "Qarabağ"da çıxış edərkən izləmişdim, istedadlı futbolçudur".
Bunu "QELEBE.AZ"a müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş azərbaycanlı futbolçuların qardaş ölkədə legioner həyatı yaşaması barədə danışarkən deyib.
71 yaşlı mütəxəssis daha əvvəl Rəşad Sadıqovun da Türkiyədə oynadığını xatırladıb: "Onunla da əlaqəm var, hərdən danışırıq. Yəni, Azərbaycanda da futbolçu yetişir. Amma onların inkişafı üçün uzunmüddətli plan lazımdır. Problem məhz bundadır. Avrokuboklarda oynamaq üçün hazır futbolçu lazımdır. Bu zaman ən asan yol legioner götürməkdir. Halbuki əlindəki yerlilərin meydana çıxmağa ehtiyacı var. Onlara daha çox şərait yaratmaq lazımdır. Əvvəlcə əlimizdəkindən istifadə etməliyik. Keçmişdə imkanlar məhdud idi. Amma ində elə deyil".
Onun sözlərinə görə, Azərbaycanda futbolun inkişafı üçün infrastruktur var: "AVRO-2020 zamanı “Neftçi”nin stadionunda məşq edirdik. Xalça kimi meydança, tribunalar əla. Hər komandanın stadionu, məşq meydançaları var. Təhsil üçün şərait, insan amili və təşkilatçılıq önəmlidir. Futbol bu qədər sevilirsə, oyunçu yetişdirməli, hazıra qaçmamalıyıq. Hazırda bizim Avropada oynayan futbolçularımız var. Düzdür, hardasa bir səviyyə geridəyik. Ölkə xaricinə gedən futbolçularımız bəzən uğurlu çıxış edə bilmir. Düşünürəm ki, Azərbaycandan da Avropaya səs salan oyunçular çıxmalıdır. Yetişən futbolçular meydana çıxmalı, oyun təcrübəsi qazanmalıdırlar".
Ş.Güneş bildirib ki, hazırda "Qarabağ"a başçılıq edən Qurban Qurbanov kimi təlimçi və rəqabətcil mütəxəssislərin sayını artırmaq lazımdır: "Bundan sonra əcnəbi məşqçilərin də futbola xeyri dəyə bilər. Biz nəyisə görürük və dərhal düşünürük ki, bunu edə bilərik. Bu, elə də asan məsələ deyil. 50 ildir bu işin içindəyəm, hələ də özümü tam məşqçi hesab etmirəm. Hər gün yeniliyə ehtiyac var. Futbola marağı artırmaq üçün rəqabət lazımdır. Bizdə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” arasındakı rəqabətin türk futbolunun nəbzini tutduğunu düşünürəm. Amma bəzən bu matçlar davaya çevrilir. Bu isə tamamilə başqa mövzudur".
Şenol Güneşin müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

https://qelebe.az//uploads/photo/beshiktashin-bash-meshqchisi-mahir-emreli-istedadli-futbolchudur.webp











