“Trabzonspor” minimal hesabla qalib gəldi
Türkiyə Super Liqasının XII turunda “Trabzonspor” doğma meydanda “Eyüpspor”u qəbul edib.
Apasport.az xəbər verir ki, “Papara Park” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə yeganə qol erkən dəqiqələrdə vurulub. Matçın 5-ci dəqiqəsində Vaqner Pinanın sağ cinahdan ötürməsini Ozan Tufan dəqiq baş zərbəsi ilə tamamlayaraq komandasını hesabda önə çıxarıb.
Erkən qoldan sonra da üstünlüyü əlində saxlayan Trabzon təmsilçisi fərqi artırmağa yaxın olub. İlk hissədə Ernest Muçi və Pol Onuaçu bir neçə təhlükəli epizodda fərqlənmək imkanı qazansalar da, “Eyüpspor”un qapıçısı Emre Bilgin qonaqları daha böyük hesablı məğlubiyyətdən qoruyub.
İkinci hissədə də oyuna nəzarət edən “Trabzonspor” hesab üstünlüyünü sona qədər qorumağı bacarıb. Meydan sahibləri qarşılaşma ərzində 24 zərbə endiriblər ki, bunlardan 9-u qapı çərçivəsinə yönəlib. “Eyüpspor” isə cəmi 7 zərbə ilə yadda qalıb.
“Trabzonspor” növbəti qələbəsini qazanaraq çempionluq uğrunda mübarizədə vacib üç xalı aktivinə yazdırıb. Qaradəniz təmsilçisi turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub.
“Eyüpspor” isə uğursuz çıxışını davam etdirərək sonuncu pillədə qalıb.

https://qelebe.az//uploads/photo/trabzonspor-minimal-hesabla-qalib-geldi.webp