Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
“Səfərdə oynamağımıza və ilk görüşdə qeydə alınan heç-heçəyə baxmayaraq, qalib gələcəyik”.
Bu sözləri "Apasport"a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
O, yığma komandanın Lixtenşteynlə qarşılaşması barədə fikirlərini bölüşüb.
“Son dövrlərdə futbolçularda özünəinam hiss olunur. Son oyunda qazandığımız qələbə də onlara böyük inam verib. Məncə, komandamızda kifayət qədər keyfiyyətli oyunçular var. İnanıram ki, bu qarşılaşmada da yaxşı nəticə əldə edəcəyik”.
Əliyev Azərbaycan millisində hücumçu çatışmazlığının əsas səbəblərindən birinin yerli futbolçuların ölkə çempionatında az şans qazanması olduğunu bildirib:
“Bu gün ən böyük problemlərimizdən biri yerli futbolçuların daxili çempionatda az oynaması, ümumiyyətlə, saylarının az olması və legionerlərə üstünlük verilməsidir. Hazırda hücum mövqeyində çıxış edən cəmi 2-3 futbolçumuz var. Millimizin baş məşqçisi də seçim imkanlarının məhdud olduğunu bildirir. Onu da başa düşmək lazımdır. Çünki seçim imkanı həqiqətən azdır. Rəqabət olmalıdır ki, yaxşı futbolçular ortaya çıxsın. Amma bu gün daxili çempionatda klublar hücum xəttində daha çox legionerlərə güvənirlər. Bu problem artıq aşağı yaş qruplarında da özünü göstərir. Hətta valideynlər də övladlarının hücumçu mövqeyində oynamasını istəmirlər. Mən özüm də aşağı yaş qruplarında çalışmışam və belə hallarla qarşılaşmışam. Vəziyyəti yaxından görmüşəm. Həqiqətən çətin dövrdür. Bizim vaxtımızda daxili çempionatda oynayan 6-7 yerli hücumçu var idi. Hamımız bir-birimizlə rəqabət aparırdıq. Amma bu gün hücumçu mövqeyində oynayacaq yerli futbolçu tapmaq xeyli çətinləşib”.
Qeyd edək ki, bu gün keçiriləcək Lixtenşteyn - Azərbaycan matçı saat 23:45-də start götürəcək.

https://qelebe.az//uploads/photo/rauf-eliyev-valideynler-ovladlarinin-hucumchu-olmasini-istemirler.webp