Seyxan Fərəcov: “Milliyə dəvət almaq özümdən asılıdır”
“İmişli”nin hücumçusu Seyxan Fərəcov “Kəpəz”lə oyundan sonra “Apasport”a müsahibə verib.
– “Kəpəz”lə oyun barədə nə deyə bilərsən?
– Çətin oyun oldu. Bilirdik ki, Gəncədə oynamaq asan olmayacaq. “Kəpəz” azarkeşləri komandalarına çox böyük dəstək verirlər. Amma biz də bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı. Qol vurduq, sayılmadı. Sonda məğlub olduq. Qismət belə imiş.
– Sayılmayan qol epizodunun təkrarına baxmısan?
– Xeyr, hələ baxmamışam. Sonra baxacağıq. Oyun zamanı da həmin epizoda diqqət etməmişdim. Ayağa basma və ya başqa bir qayda pozuntusu görməmişdim.
– Stadiondakı atmosfer barədə nə deyə bilərsən?
– Super, ideal idi. İnşallah, hər oyunda belə atmosfer olar. Düşünürəm ki, stadionlarımızda bu cür azarkeş dəstəyi olsa, Azərbaycan futbolu daha da inkişaf edər.
– Komandanızın potensialını necə dəyərləndirirsən? Hazırkı mövqeyinizdən daha yüksək pillələrə qalxa bilərsiniz?
– Hər oyundan sonra inkişaf edirik, daha yaxşı futbol oynayırıq. Daha yüksək pillələrdə qərarlaşmaq üçün məşqlərdə çox çalışırıq. İnşallah, bunun nəticəsini də görəcəyik.
– Yayda komandaya yeni qoşulanda bu qədər qol vuracağını gözləyirdin? Özünə inanırdın?
– Bəli, özümə inanırdım. Amma düşünürəm ki, daha çox qol vura bilərdim. İndi də öz üzərimdə çalışıram ki, daha çox fərqlənim və komandama kömək edim. İstər qollarımla, istərsə də meydandakı oyunumla komandaya fayda vermək üçün əlimdən gələni edirəm.
– Azərbaycan millisində hücumçu problemi var. Millidən dəvət gözləyirsən?
– Mən öz üzərimdə işləyirəm. İnşallah, millinin baş məşqçisi məsləhət bilsə, dəvət edər. Əgər dəvət almasam, deməli, daha çox çalışmalı, daha çox qol vurmalıyam. Milliyə çağırılmaq özümdən asılıdır.
– Bununla bağlı milli komandanın məşqçilər korpusu ilə hər hansı danışığınız olub?
– Xeyr, olmayıb.

https://qelebe.az//uploads/photo/seyxan-ferecov-milliye-devet-almaq-ozumden-asilidir.webp