“Fənərbaxça”nın fan-klub liderinə sui-qəsd planı: 5 nəfər saxlanıldı
Türkiyənin “Fənərbaxça” klubunun azarkeş qrupunun lideri Cem Gölbaşına qarşı sui-qəsd planının hazırlandığı üzə çıxıb.
Apasport.az xəbər verir ki, İstanbulda “Daltonlar” adlı cinayətkar qruplaşmaya qarşı aparılan istintaq çərçivəsində Gölbaşına silahlı hücum təşkil etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
İstanbul Baş Prokurorluğunun məlumatına görə, şübhəlilər hücumu həyata keçirmək məqsədilə müxtəlif şəhərlərdən İstanbula gəliblər. Lakin əlverişli şərait yaranmadığı üçün planlarından imtina ediblər.
Polisin keçirdiyi əməliyyatlar zamanı şübhəlilərin gizləndiyi ünvanlarda silah-sursat aşkarlanıb. Axtarışlar nəticəsində uzunlüləli tüfəng, tapançalar və 200 patron ələ keçirilib.
İstintaq çərçivəsində şübhəlilərin oktyabrın 27-də “Fənərbaxça”nın stadionu ətrafında müşahidə apardıqları da müəyyənləşdirilib.
Qeyd edək ki, Cem Gölbaşı “Fənərbaxça”nın “Genç Fenerbahçeliler” azarkeş qrupunun lideridir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

https://qelebe.az//uploads/photo/fenerbaxchanin-fan-klub-liderine-sui-qesd-plani-5-nefer-saxlanildi.webp