Yamal “Golden Boy”a namizəd ola bilmədi

Yamal “Golden Boy”a namizəd ola bilmədi

2026-cı ilin “Golden Boy” mükafatına namizəd olan 25 futbolçunun yekun siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, “Tuttosport”un təsis etdiyi mükafat uğrunda mübarizədə “Barselona” və İspaniya millisinin futbolçusu Lamin Yamal yer almayıb.

Buna səbəb turnirin reqlamentidir. Qaydalara əsasən, futbolçu “Golden Boy” mükafatını yalnız bir dəfə qazana bilər. Yamal 2024-cü ildə bu mükafata layiq görüldüyündən yenidən qalib olmaq hüququna malik deyil. Maraqlıdır ki, 19 yaşlı futbolçu “Golden Boy Top 100”ün son sıralamasında ikinci yerdə olsa da, məhz bu qaydaya görə 25 finalçı arasına daxil edilməyib.

Finalçıların 20-si “Transfermarkt”ın hazırladığı reytinq əsasında müəyyənləşib, daha 5 futbolçu isə xüsusi seçimlə siyahıya əlavə olunub. Qalib 50 avropalı jurnalistin səsverməsi nəticəsində müəyyənləşəcək və noyabrda açıqlanacaq.

Qeyd edək ki, son 5 ildə “Golden Boy” mükafatını Pedri, Qavi, Cud Bellinqem, Lamin Yamal və Dezire Due qazanıb.