Sneyder ilk dəfə danışdı: “İnsanlar niyə kökəldiyimi bilmirdilər...”
Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder karyerasını başa vurduqdan sonra yaşadığı ağır ailə itkilərindən danışıb.
Apasport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi qısa müddət ərzində həm anasını, həm də atasını xərçəng xəstəliyindən itirdiyini bildirib.
Sneyder həmin dövrü belə xatırlayıb:
“Futbolu buraxdıqdan sonra atamın xərçəng olduğunu öyrəndik. Əməliyyat olundu və sağaldı. Daha sonra anam xəstələndi. Onun 59 yaşı var idi və 6 ay sonra vəfat etdi. Bir il yarım vaxtım demək olar ki, xəstəxanalarda keçdi.
Anamın vəfatından iki ay sonra atam yenidən müayinədən keçdi. Bizə dedilər ki, heç bir müalicə aparılmasa, 6-7 həftə, müalicə olunsa, 6-7 ay yaşaya bilər. Atam mübarizə apardı və 9-10 ay sonra, 59 yaşında vəfat etdi. Beləcə, daha bir ilə yaxın vaxtım bu proseslə keçdi. Ümumilikdə 3,5 il ailəmlə məşğul oldum”.
Sneyder həmin hadisələrin onun fiziki görünüşündəki dəyişikliklərə də təsir etdiyini vurğulayıb:
“Anamı və atamı qısa müddət ərzində, eyni xəstəlikdən və 59 yaşlarında itirdim. Bundan sonra bütün dünya mənim kökəldiyim görüntüləri gördü. Bunu ilk dəfə danışıram. İnsanlar bəzən kiminsə fiziki dəyişiminin arxasında hansı səbəbin dayandığını bilmirlər.
İndi əvvəlki formama qayıtmağa çalışıram. Hər şey yaxşı gedir, amma arıqlamaqla anamı və atamı geri qaytara bilmərəm”.

https://qelebe.az//uploads/photo/sneyder-ilk-defe-danishdi-insanlar-niye-kokeldiyimi-bilmirdiler.webp