Kontedən “Tottenhem” etirafı: “Məni dəli edən məhz bu idi”
“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte London klubunda çalışdığı dövrlə bağlı maraqlı açıqlamalar verib.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis komandadakı yanaşmanı dəyişmək məqsədilə “Tottenhem”ə getdiyini bildirib.
“Tottenhem”ə bəzi şeyləri dəyişmək məqsədilə getmişdim. Fabio Paratiçinin orada olmasının da qərarımda rolu vardı.
Mən gələndə komanda 9-cu pillədə idi. Sonda “Arsenal”ı qabaqlayıb mövsümü 4-cü yerdə başa vurduq”.
Konte klubun sahibi Daniel Levi ilə aralarında baş tutan söhbətlərdən birini də xatırlayıb:
“Dəqiq xatırlamıram, ya məğlub olmuşduq, ya da heç-heçə etmişdik. Daniel Leviyə mesaj göndərdim. O isə mənə ‘Narahat olma, növbəti oyunda qalib gələrik’ cavabını verdi.
Futbolçular həmişə daha asan yolu seçməyə meyllidirlər. Özlərini yaxşı hiss etdikləri və daha az səy tələb edən variantlara üstünlük verirlər”.
İtaliyalı mütəxəssis “Tottenhem”lə bağlı ən çox onu narahat edən məqamı da açıqlayıb:
“Məni dəli edən ətrafımdakı insanların ‘Tottenhem heç vaxt heç nə qazanmayacaq’ deməsi idi. Onları məğlubiyyətə öyrəşmiş komanda hesab edirdilər.
Mən orada işləyəndə ‘Tottenhem’ə lağ edirdilər. Hələ də edirlər. İndi də belədir. ‘Arsenal’ milli fasilədən əvvəl son oyununda ‘Brayton’a 0:3 hesabı ilə uduzdu və insanlar zarafatla ‘Arsenal Tottenhemə çevrildi’ deyirdilər. Başa düşürsünüz? İnanın, belə şeylər məni çox narahat edirdi”.
Qeyd edək ki, Antonio Konte 2021-ci ilin noyabrından 2023-cü ilin martına qədər “Tottenhem”in baş məşqçisi olub. Onun rəhbərliyi altında London klubu 2021/22 mövsümündə Premyer Liqanı 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.

https://qelebe.az//uploads/photo/konteden-tottenhem-etirafi-meni-deli-eden-mehz-bu-idi.webp