Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”

Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”

Danimarka millisinin sabiq qapıçısı Kasper Şmeyxel futbolçu karyerasını başa vurduqdan sonra həyatının necə dəyişdiyindən danışıb.

Apasport.az xəbər verir ki, 39 yaşlı sabiq qolkiper Kopenhagendə keçirilən Avropa Futbol Klublarının Baş Assambleyasında hazırda əsas məşğuliyyətinin uşaqlarını müxtəlif yerlərə aparmaq olduğunu zarafatla bildirib. 

“Üç övladım var. Demək olar ki, tam ştatlı Uber sürücüsüyəm. Bu, qəribə keçid dövrüdür və mən buna hazır deyildim. Həyat qarşına belə şeylər çıxarır, mən də uyğunlaşmağa çalışıram. Kurslara gedirəm, televiziyada işləyirəm və uşaqları ora-bura aparıram”, – deyə Şmeyxel bildirib. 

Danimarkalı keçmiş futbolçu gələcəkdə məşqçi və ya menecer kimi futbola qayıtmaq istədiyini də vurğulayıb:

“Rəqabət ruhu hələ də içimdədir. Gələcəkdə məşqçi, menecer və ya daha yüksək vəzifədə çalışmaq istərdim. Məşqçilik lisenziyası almaq prosesini çox sevmirəm, amma bu, vacibdir. Meydanda gənc futbolçularla işləyəndə isə bundan həqiqətən zövq alıram”.

Şmeyxel 2026-cı ilin mayında ciddi çiyin zədəsi səbəbindən peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Kasper Şmeyxel karyerası ərzində “Mançester Siti”, “Notts Kaunti”, “Lids”, “Lester”, “Nitsa”, “Anderlext” və “Seltik” kimi klublarda çıxış edib. O, “Lester”lə 2015/16 mövsümündə İngiltərə çempionu olub. Danimarka millisində isə 120 oyun keçirib.