Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
“Qalatasaray” prezidenti Dursun Özbek klubun gündəmi ilə bağlı bir sıra diqqətçəkən açıqlamalar verib.
QELEBE.AZ xəbər verir ki, klub rəhbəri “Qalatasaray”ın qadın voleybol komandasının 1905 GSYİAD-la sponsorluq müqaviləsinin imzalanma mərasimində jurnalistlərin suallarını cavablandırıb.
Özbek Okan Burukun gələcəyi, Vilfrid Sinqonun zədəsi, İlkay Gündoğanın durumu, transfer xərcləri və “Barselona” ilə oyun barədə danışıb.
Özbek baş məşqçi Okan Buruka dəstəyini bir daha ifadə edib. Onun sözlərinə görə, rəhbərliklə mütəxəssis arasında hər hansı problem yoxdur:
“Okan Buruk çox uğurludur, həmçinin ‘Qalatasaray’ da. Onunla demək olar ki, hər gün danışırıq. Problemlərimiz varsa, birlikdə həll edirik. Okan Burukla 27-ci çempionluğa gedirik. Ardıcıl beşinci dəfə çempion olaraq rekorda imza atmaq istəyirik”.
Klub prezidenti Okan Burukun müqaviləsinin uzadılması məsələsinə də toxunub. Özbek tərəflərin növbəti mövsüm üçün danışıqlar aparacağını və komandada formalaşan sabitliyi pozmaq niyyətində olmadığını bildirib.
Son günlər zədəsi müzakirə olunan Vilfrid Sinqo ilə bağlı isə Özbek nikbin danışıb:
“Sinqonun zədəsi ciddi deyil. Məşq zamanı aldığı zərbədən yaranıb. Ən qısa zamanda aramızda olacaq”.
İlkay Gündoğanın komandadakı mövqeyi ilə bağlı suala cavab verən Özbek qərarın Okan Buruka aid olduğunu vurğulayıb: “İlkay çox bəyəndiyim futbolçudur. Amma komandadakı yerini müəyyənləşdirmək mənim işim deyil. Bu, Okan Burukun qərarıdır və ona hörmət etməliyik”.
“Qalatasaray” prezidenti yay transferlərinin gec tamamlanması ilə bağlı tənqidlərə də cavab verib. Özbek eyni futbolçuların transfer pəncərəsinin əvvəlində alınması ilə son günlərdə heyətə cəlb olunması arasında təxminən 50 milyon avro fərq olduğunu bildirib. O, bununla da "Qalatasaray"ın transfer pəncərəsini 50 milyon avroluq xeyirlə bitirdiyini vurğulayıb.
Özbek “Barselona” ilə Çempionlar Liqası matçına da münasibət bildirib:
“Qalatasaray” Avropada yüksək səviyyəli rəqiblərə qarşı əvvəllər də uğurlu oyunlar keçirib. “Barselona” ilə qarşılaşmada da eyni nəticəni gözlədiklərini və yaxşı oyun göstərəcəklərinə əmin olduğunu deyib.
Klub rəhbəri həmçinin "Fənərbaxça" prezidenti Aziz Yıldırımla münasibətlərindən danışaraq, uzun illərdir bir-birlərini tanıdıqlarını, qarşılaşdıqları zaman salamlaşdıqlarını və problem olarsa bunu danışaraq həll edə biləcəklərini bildirib.

https://qelebe.az//uploads/photo/dursun-ozbekden-okan-buruka-tam-destek-27-ci-chempionluga-gedirik.webp