Qismət Alıyev: “Dəvət gözləyirdim…”
“Zirə”nin kapitanı Qismət Alıyev “Apasport”a müsahibə verib.
O, “Turan Tovuz”la matçdan (0:1) sonra sualları cavablandırıb…
- Matçı necə dəyərləndirirsən?
- Bilirdik ki, istər standart vəziyyətlərdə, istərsə də aut atışlarında çətin komandaya qarşı oyun bizi gözləyir. Burada oynamaq hər zaman çətindir. Düşünürəm ki, matçın əvvəllərində oyun heç-heçəyə doğru gedirdi, amma sonda diqqətsizliyimizdən qapımızda qol gördük. İndi milli fasilədir və artıq bunları geridə qoyub qarşıdan gələn oyuna hazırlaşacağıq.
- Atmosfer çox gərgin idi, sizə qarşı aqressiya var idi. Bu, sizin oyununuza necə təsir etdi?
- Deməzdim ki, bu hallar oyuna hansısa şəkildə təsir edirdi. Sadəcə başa düşmürəm azarkeşlər kimliyindən asılı olmayaraq bizə qarşı niyə bu qədər aqressivdirlər. Amma bu hal hər zaman görünür, hələ çempionatın əvvəlidir. Bu komanda ilə qarşıda daha iki oyunumuz var.
- Oyunun son dəqiqələrində nə baş verdi? Hadisələrin mərkəzində idin…
- Böyük bir şey baş vermədi, sadəcə onların, səhv etmirəmsə, ehtiyat oyunçularından biri biz tərəfə tənqidi və təhrikedici jestlər etməyə başladı. Məğlub olan komandaya belə şeyler istər-istəməz pis təsir edir. Məsələni böyütmədik, yola verdik. Rəqib komandanı təbrik edirik.
- Hakimin performansını necə dəyərləndirirsən? Bu məğlubiyyətdə onun da payı oldu?
- Yox, məğlubiyyətdə payının olduğunu deməzdim. Sadəcə ikili mübarizələrdə hakim rəqibə daha çox üstünlük verdi. Amma hakimi günahlandırmaq istəməzdim.
- Xüsusilə yan xətt hakiminə etirazınız var idi. Bu nədən irəli gəlirdi?
- Bəli, bir epizodda top rəqibdən çıxmışdı. Sadəcə dedik ki, top rəqibdən çıxıb, başqa bir şey olmadı.
- Dünən milli komandanın heyəti açıqlandı, amma sən yox idin. Bu barədə nə düşünürsən, özünü heyətdə gözləyirdinmi?
- Hər bir futbolçu kimi mən də dəvət gözləyirdim. Bu mövsüm komandada 10 oyun keçirmişəm və demək olar ki, hamısında əsas heyətdə olmuşam, bu gün 11-ci oyun idi. Bu, baş məşqçinin seçimidir. Milli haqqında artıq-əskik danışmaq düzgün olmaz. Yəqin ki, indiki vəziyyətdə məndən daha hazır futbolçular görüb və onları heyətə dəvət edib.

https://qelebe.az//uploads/photo/qismet-aliyev-devet-gozleyirdim.webp