Qurban Qurbanov: Bəlkə də avrokuboklarda olmamağın faydası dəyə bilər
Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” oyunundan (1:4) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Əfsuslar olsun, məğlub olduq. İstəməzdik ki, bu cür nəticə alınsın. Əlbəttə, səhvlərimiz oldu, amma meydanda döyüşən kollektiv gördüm. Çatışmazlıqlarımız var idi, rəqibi təbrik edirəm. İstəyirdik ki, ən azından Konfrans Liqasında əsas mərhələdə olaq. Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq. Futbolçularıma, azarkeşlərə təşəkkür edirəm. Fanatlar meydanda möhtəşəm atmosfer yaratmışdı.
– Oyunun qırılma anı nə oldu?
– Hücumda rotasiyalar edə bilmədik. Çatışmazlıqlarımız var idi və belə komandaya qarşı irəlidə daha sürətli olmalıydıq. “Tvente” topla çox yaxşı davranır.
– Sizcə, avrokuboklardan kənarda qalmaq komandanı toparlamaq üçün yaxşı oldu?
– Yeniliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Hiss olunurdu ki, dəyişikliklərə ehtiyac var. Bunları nəzərə alanda, bəlkə, avrokuboklarda olmamağın faydası dəyə bilər. Amma Avropa təcrübəsi də pis olmazdı. Bu, futbolçular üçün əlavə məsuliyyət, təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq, xeyirlisi. Futbol hər il inkişaf edir, komandanı formalaşdırmaq, rəqiblərlə başabaş oynaya bilmək üçün daha da təkmilləşməliyik.
– Hamı bilir ki, sevimli rəqəminiz 13-dür. Avrokuboklarda seriyanız da 13-cü ildə başa çatdı…
– Bu şeylərə çox da inanmıram. Sadəcə 13-ü özümüz üçün seçmişik. Belə detallara fikir verməməliyik.
– Lanqa niyə əvəzləndi?
– İkinci sarı vərəqəni ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq.
– Liqada çempion ola biləcəksiniz?
– Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi”, “Zirə” yaxşılaşıb. Eyni zamanda, “Turan Tovuz”u da qeyd etməliyəm. Yaxşı heyət qurublar. Biz uğurlu nəticə üçün hər şeyi edəcəyik. İnanıram ki, futbolçular optimal formaya düşəcəklər.
– Azarkeşi olduğunuz “Barselona” “Sabah”la Bakıda oynayacaq…
– Stadionda olsam, “Sabah”a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzu edirəm. Deyəcək çox söz yoxdur. “Barselona”ya başqa oyunlarda fanatlıq edəcəyəm.
– Məğlubiyyətə görə bütün “oxlar” sizə gəlir. Tənqid olunan əsas məqam heyətin kasad olması və transferlərin məhz oyun günü elan edilməsidir. Gecikmədiniz?
– Gecikdik. Yanvar ayından ümumi transfer işlərinə başlamışdıq. Alınanları tez etdik. Bu transferlər də 10 gün əvvəl həll olunsaydı, faydalı ola bilərdi. Alınmadı… Heyətlə bağlı da problem yaşadıq, gözlənilməz zədələrlə üzləşdik. Artıq itirəcək bir şey yoxdur. Bu gün qismətimizdə məğlubiyyət var imiş. Əsas məsələ bundan sonra necə reaksiya verəcəyimizdir.
– Avrokuboklarda oynamaqla liqada çıxış etmək çətindir. Bunu yaşamısınız. Sizcə, “Sabah” üçün də çətin olacaq?
– Hər turnirin özünəməxsusluğu var. “Sabah”ın iki turnirdə də mübarizə aparmaq gücü var. Bizdə isə sadəcə sanki, “Qarabağ” çox yorulmuşdu. Çempionata köklənmək çətin oldu. İndi “Sabah” daha yaxşı formalaşır, çox yaxşı baş məşqçiləri və heyətləri var. Oturuşmuş kollektivdir. Məncə, liqada rahat oynayacaqlar. Bəlkə də, bu il bizim üçün çempionatda oynamaq motivasiya baxımından çətin olacaq.

https://qelebe.az//uploads/photo/qurban-qurbanov-belke-de-avrokuboklarda-olmamagin-faydasi-deye-biler.webp











