Danışır rəqəmlər: “Neftçi”dən əsrin rekordu!
“Neftçi” Misli Premyer Liqasının II turunda “Araz-Naxçıvan”ı darmadağın edib – 5:0. Görüş paytaxt klubu üçün maraqlı statistik göstəricilərlə yadda qalıb.
ƏSRİN REKORDU
5:0 hesablı qələbəyə sevinən “ağ-qaralar” XXI əsrin rekorduna imza atıb. I turda “Sumqayıt”ın qapısından 3 top keçirən komanda 26 ildən sonra ilk dəfə startdakı 2 matçda 8 qol vurmağı bacarıb. Bakı təmsilçisi sonuncu dəfə 2000/01 mövsümündə ilk iki oyuna 8 qol sığdırıb. Maraqlıdır ki, həmin dövrdə də komandanın top fərqi 8:1 olub.
MÜTLƏQ REKORDA 1 QOL ÇATMADI
“Neftçi”nin bu barədə mütləq rekordu iki oyuna 9:1-dir. Komanda ilk Azərbaycan çempionatına 1:0 və 8:1-lik qələbələrlə start verib.
Cari mövsümdə rekorda şərik çıxmaq üçün yalnız 1 qol çatmayıb.
ARDICIL İKİ OYUNUN ƏN YAXŞISI
1992 mövsümü hazırkı göstəricini üstələsə də, görüşlər ilk 2 turda keçirilməyib. “Neftçi” ilk turlarda istirahət etdikdən sonra keçirilən oyunlarda “flaqman” üstün olub.
Həmçinin 2000/01 mövsümündə turnirə qalibiyyətlə başlayan “ağ-qaralar” ikinci turda istirahət edib.
Ardıcıl keçirilən iki tur nəzərə alınarsa, hazırkı göstərici mütləq rekorddur.
35-Cİ CƏHDDƏ 15-Cİ DƏFƏ
“Neftçi” cari çempionatın ilk iki matçını qələbə ilə başa vurub. “Ağ-qaralar” sonuncu dəfə 2022/23 mövsümündə liqaya ardıcıl qalibiyyətlərlə start verib. Laurentsiu Regekampfın rəhbərlik etdiyi komanda “Şamaxı” (1:0) və “Kəpəz”i (5:2) məğlub etməyi bacarıb.
Ümumilikdə paytaxt təmsilçisi 35-ci cəhdində 15-ci dəfə ölkə çempionatına uğurlu start verib. Azərbaycan yüksək dəstəsinin daimi iştirakçısı 7 dəfə turnirə 3 qələbə ilə başlayıb.
UĞURA 8 QOL
“Neftçi”nin ilk 3 tur üçün mütləq qol rekordu 15:1-dir. “Ağ-qaralar” buna məhz 2000/01 mövsümündə nail olub.
Maraqlıdır ki, komanda həmin dövrdə də ilk iki oyunda müvafiq olaraq 3 və 5 qol vurub. Üçüncü matçda isə “flaqman”ın üstünlüyü 7 topla ifadə olunub – 7:0.
25 İLDƏ İLK DƏFƏ – BRENO ALMEYDA
Yeni mövsüm Bakı təmsilçisinin cinah futbolçusu Breno Almeyda üçün də əlamətdar olub. Braziliyalı vinger ilk iki matçda da dubla imza atıb.
Çempionatda sonuncu dəfə belə uğura 2001/02 mövsümündə rast gəlinib. “Şəmkir”in yarımmüdafiəçisi Vidadi Rzayev ardıcıl iki oyunda dubl müəllifi olub.
“Neftçi” üçün sonuncu belə hal isə 2000/01 mövsümünə təsadüf edib. Komandanın futbolçusu – Kamal Quliyev çempionata hərəyə iki dublla start veriblər.

https://qelebe.az//uploads/photo/danishir-reqemler-neftchiden-esrin-rekordu.webp