Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilib
Avqustun 19–20-də Yardımlı Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Akrobatika gimnastikası üzrə yarış proqramına uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif kompozisiyalar – balans, temp və qarışıq hərəkətlər daxil olub.
Yarışın ilk günündə akrobatika gimnastikası üzrə balans və temp hərəkətləri, ikinci günündə isə qarışıq hərəkətlər üzrə çıxışlar keçirilib.
Uşaqlar arasında qadın cütlüyü proqramında BGM 3 komandası (Əhmədova İlahə və Qurbanova Fidan) qızıl medal qazanıb. BGM 1 komandası (Məmmədli Mədinə və Məmmədova Melisa) gümüş, Neftçi 3 komandası – "Bağızadə Mədinə və İsazadə Dafnə) isə bürünc medala layiq görülüb.
Yeniyetmələr arasında qadın qrupu proqramında birinci yeri BGM 4 komandası (Hacılı Ayan, Məmmədova Aylin və Qasımzadə Firuzə) tutub. BGM 3 komandası (Əlicanova Aişə, Xəlilzadə Canan və Ağaverdiyeva Zəhra) gümüş, BGM 1 komandası (Əliyeva Əzizə, Həsənova Nazrin və Tasoyeva Kamilla) bürünc medal qazanıb.
Çempionat çərçivəsində aerobika gimnastikası üzrə də maraqlı mübarizə baş tutub. Müxtəlif proqramlar üzrə – fərdi çıxışlar, üçlüklər, qarışıq cütlük və qruplar arasında yarışlar keçirilib.
Gənclər arasında fərdi qadınlar proqramında Ağayeva Ayan qızıl medala sahib olub. İbrahimova Fidan gümüş, Mustafayeva Əminə isə bürünc medal qazanıb.
Mükafatlandırma mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qalibləri medal və diplomla təltif edib.

https://qelebe.az//uploads/photo/akrobatika-ve-aerobika-gimnastikasi-uzre-azerbaycan-chempionati-kechirilib.webp