Rəşad Sadıqov: “Onun mikrotravması var idi”

Rəşad Sadıqov: “Onun mikrotravması var idi”

Misli Premyer Liqasının I turunda "Zirə" "Şəfa"nı məğlub edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Oyun gərgin keçdi. Bilirdik ki, rəqib mübarizəyə köklənmiş olacaq. Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda "Zirə"ni ən yaxşı tanıyan məşqçi var idi. O, komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu. Futbolçularımı təbrik edirəm"

Qol vəziyyətlərindən istifadə problemi həll olunub?

Bu, "Zirə"də mənim 7-ci ilimdir. Bu qədər qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma “Payde” ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək.

– Bu rəqibə qarşı iki qol vura bildiniz.

- "Şəfa’ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır.

– Hakimlikdən yenə narazı görünürdünüz...

- Xeyr (gülür). Nəticəyə təsir edən səhvlər olmadı. Meydandan kənarda olanda insan daha aqressiv olur.

– İssa Cibrilla meydanda olanda “Zirə” ötən mövsüm məğlub olmamışdı. Bu mövsüm komanda fiziki cəhətdən daha yaxşı hazırlaşıb?

- O, çox az oynayıb. Maraqlı statistikadır, buna heç diqqət yetirməmişdim. İssaya güvənirik, hücumlarımızı onun üzərindən qururuq. Rotasiyalar olacaq. O da öz üzərində daha çox çalışır.

– Eren Aydından razısınız?

- Onun mikrotravması var idi, amma tam fədakarlıqla oynadı və gözəl qol vurdu. Bu gün qol vurdu, “Payde” ilə oyunda isə iki dəfə dirəyə düşmüşdü.

– FIFA-nın yeni qaydalarından razısınız?

- Əla qaydadır. Vaxt itkisindən çox şikayət edirdik. Yeganə məqam odur ki, qanaxmaya görə bir dəqiqə gözləməyin mənası yoxdur. Ümid edirəm, bu məsələyə də diqqət yetirərlər.