“San Paulu”nun avtobusunda narkotik tapıldı – 86 kiloqram
“San Paulu”nun Cənubi Amerika Kubokundakı oyun üçün Boliviyada istifadə etməli olduğu avtobusda külli miqdarda narkotik aşkarlanıb.
Apasport.az xəbər verir ki, Boliviya polisi Braziliya klubunun nümayəndə heyətini daşımaq üçün icarəyə götürülmüş avtobusda 86 kiloqram marixuana tapıb.
Hadisə “San Paulu”nun “Bolivar”la Cənubi Amerika Kubokunun 1/8 final mərhələsinin ilk oyunundan əvvəl baş verib. Komandalar arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Braziliya təmsilçisi əvvəlcə Santa-Krus-de-la-Syerraya gəlib, daha sonra qarşılaşmanın keçirildiyi La-Pasa yollanıb. Lakin komandanı hava limanından götürməli olan avtobus Koçabamba yaxınlığında polis tərəfindən saxlanılıb və nəqliyyat vasitəsində 86 kiloqram marixuana aşkarlanıb.
Bildirilir ki, “San Paulu” səfər üçün “Buses Cosmos” şirkətinin xidmətindən istifadə edib. Avtobus müsadirə olunsa da, şirkət qısa müddətdə başqa nəqliyyat vasitəsi təqdim edib və klubun səfəri problemsiz davam edib.

https://qelebe.az//uploads/photo/san-paulunun-avtobusunda-narkotik-tapildi-86-kiloqram.webp