Kostyuk “Qarabağ”ın gücünü vurğuladı – ”GÜCLÜ RƏQİBDİR”

Kostyuk “Qarabağ”ın gücünü vurğuladı – ”GÜCLÜ RƏQİBDİR”

Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları “Qarabağ”ı güclü rəqib adlandırıb.

Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə matçdan əvvəl keçirilən mətbuat konfransında danışıb.

Kostyuk komandasının əvvəlki görüşdə buraxdığı səhvlərdən nəticə çıxarmalı olduğunu bildirib:

“PAOK-la oyundan nəticə çıxarmalıyıq. Futbolda səhvlər qaçılmazdır. Əsas məsələ futbolçuların həmin səhvlərə necə reaksiya verməsi və onları aradan qaldırmasıdır. Komandamızın oyundan-oyuna inkişaf edəcəyinə inanıram”.

Baş məşqçi “Qarabağ”ı təhlil etdiklərini və mərhələ adlamaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Qarabağ” ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir. Bununla yanaşı, biz də öz gücümüzə inanırıq. Rəqibi təhlil etmişik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Dinamo” – “Qarabağ” matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da Polşadakı “Lublin Arena”da keçiriləcək. Cavab qarşılaşması avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.