Qusarda Respublika Şahmat Olimpiadasına start verilib

Qusarda Respublika Şahmat Olimpiadasına start verilib

Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib.

QELEBE.AZ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Açılış nitqi ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qonaqları və yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. İcra başçısı bildirib ki, qarşıdakı 9 gün ərzində Qusarda idman bayramı yaşanacaq.

Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov qeyd edib ki, dünya şöhrətli şahmatçılar da məhz belə kütləvi yarışlardan başlayaraq təcrübə toplayır və böyük ustadlar kimi yetişirlər. O, əminliklə bildirib ki, Qusarda keçirilən olimpiada gənc şahmatçıların yaddaşında unudulmaz iz qoyacaq.

Yarışın baş hakimi Azər İbrahimov olimpiadanın gedişatı ilə bağlı məlumat verib. Qeyd edilib ki, avqustun 11-də başa çatacaq olimpiada A və B qrupları üzrə 11 turdan ibarət olacaq. A qrupunda 2010-2015-ci il təvəllüdlü, yəni 11-16 yaşlı şahmatçılar, B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik, yəni 10 yaş və daha kiçik yaşlı şahmatçılar qüvvələrini sınayacaqlar.