Makqreqor UFC döyüşünün vaxtını açıqladı – “Son rəqs” 2027-ci ildə
Konor Makqreqor UFC-də son döyüşünü 2027-ci ilin Beynəlxalq Döyüş Həftəsində keçirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, irlandiyalı idmançı sosial şəbəkədə paylaşdığı açıqlamada həmin döyüşü “son rəqs” adlandırıb.
37 yaşlı döyüşçü iyulun 11-də Las-Veqasda keçirilən UFC 329 turnirində Maks Holloueylə qarşılaşıb. Makqreqor ilk raundun 1 dəqiqə 9-cu saniyəsində dizindən zədələndiyi üçün görüşü davam etdirə bilməyib və texniki nokautla məğlub sayılıb. Bu, onun uzun fasilədən sonra UFC-yə qayıdış döyüşü idi.
Müayinələr zamanı Makqreqorun sağ dizinin ön çarpaz bağında və meniskində zədə müəyyənləşdirilib. UFC rəhbəri Dana Uayt irlandiyalının təxminən bir il yarışlardan kənarda qalacağını və ən tez 2027-ci ilin yayında qayıda biləcəyini bildirib.
Makqreqorun UFC ilə hazırkı müqaviləsi üzrə daha bir döyüşü qalıb. İdmançının bundan sonra tamamilə karyerasını bitirəcəyi, yoxsa boks və ya digər döyüş təşkilatlarında çıxış edəcəyi bəlli deyil.
İrlandiyalının 2027-ci ildə son rəqibi kimi yenə Maks Holloueyin adı hallanır. Belə ki, tərəflər arasında mümkün üçüncü görüşə maraq var. Daha əvvəl 2 dəfə baş tutan qarşılaşmada Makqreqor 2013-cü ildə hakimlərin yekdil qərarı ilə qalib gəlib, Hollouey isə UFC 329-da revanş alıb.

https://qelebe.az//uploads/photo/makqreqor-ufc-doyushunun-vaxtini-achiqladi-son-reqs-2027-ci-ilde.webp