Natiq Bağırov: “Bu turnir gənc cüdoçular üçün böyük fürsətdir”

Natiq Bağırov: “Bu turnir gənc cüdoçular üçün böyük fürsətdir”

“Bu turnir gənc cüdoçular üçün çox böyük əhəmiyyət daşıyır”.

Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında açıqlamasında Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov deyib.

O, Bakıda keçirilən Avropa Cüdo Ümidləri turnirinin əsas məqsədinin gənc idmançıların beynəlxalq təcrübə qazanması olduğunu bildirib: “Bu turnirin çox böyük əhəmiyyəti var. İlk növbədə gənc cüdoçular burada ilk beynəlxalq təcrübələrini əldə edirlər. Sevindirici haldır ki, ötən il bu yarışın qaliblərindən biri sonradan yeniyetmələr arasında Avropa birinciliyində gümüş medal qazandı”.

Bağırov yarışın təcrübə baxımından da faydalı olduğunu vurğulayıb: “Turnir çərçivəsində müxtəlif ölkələrdən gələn cüdo mütəxəssisləri və tanınmış idmançılar bizim cüdoçulara yeni fəndlər öyrədir, tatamidə düzgün davranış qaydalarını aşılayırlar. Gənclər məşhur idmançılarla ünsiyyət qurur, onlardan motivasiya alır və gələcəkdə Avropa, dünya çempionu, eləcə də Olimpiya mükafatçısı ola biləcəklərinə inanırlar”.

Federasiya rəsmisi yarışın iştirakçı heyəti barədə də danışıb: “Bu il turnirdə 10 ölkədən, 88-ə yaxın klubdan təxminən 300 idmançı mübarizə aparır. İnanıram ki, gələcək illərdə iştirakçı ölkələrin sayı daha da artacaq. Xarici idmançılar kifayət qədər güclüdürlər və onların əsl səviyyəsini tatami üzərindəki mübarizə göstərəcək”.

Natiq Bağırov yaxın illərdə Azərbaycan cüdoçularından daha böyük uğurlar gözlədiyini də qeyd edib: “Bu, həm idmançıların, həm də məşqçilərin əməyindən asılıdır. Hazırda U-14 və U-16 yaş qruplarında yarışlar təşkil edirik. Bildiyiniz kimi, Avropa birinciliyi U-17 və U-21 yaş kateqoriyalarında keçirilir. Ötən il təşkil etdiyimiz turnirdən sonra cəmi bir il ərzində idmançımız Fərid Avropa birinciliyində gümüş medal qazandı. Düşünürəm ki, növbəti 1-2 il ərzində cüdoçularımızdan daha böyük uğurlar gözləmək mümkündür”.