Dambrauskas: “Mərhələni keçməyə qadirik”
“Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində evdə “KuPS”u 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas görüşdən sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
“Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Böyük və möhtəşəm duyğular yaşayırıq. Düzdür, bir az məyusluq var. Çoxlu qol imkanları yaratdıq, ancaq dəyərləndirə bilmədik. Futbolçular tapşırıqları düzgün icra etdi. Hər iki hissədə kifayət qədər fürsətimiz oldu. Əfsuslar olsun, top tora daxil olmadı. Oyunun sonlarında bizim də bəxtimiz gətirdi. Rəqib hesabı bərabərləşdirə bilərdi. Bu məyusluğu unutmalı və hazırlıqlara başlamalıyıq. Qarşıda çətin səfər oyunu var. “KuPS” artıq bizi yaxşı tanıyır. Uzun səfərimiz olacaq və süni örtüklü meydançada oynayacağıq. İnanıram ki, səfər matçında qol imkanlarından yararlana biləcəyik".
– Maludanın oynamamağının səbəbi nə idi?
– Məşqçi kimi vəzifəm əlimin altında olan ən yaxşı heyəti seçmək, hazırlamaqdır. Futbolçular da bizim tələblərimizə hazır olmalı, qələbələrimizə töhfə verməlidir. Maluda fiziki və mental oyuna hazır deyildi.
– İkinci hissədə iki hücumçunu meydana buraxdınız. Bu, nə ilə bağlı idi?
– Daha çox qol vurmaq istəyirdik. Meydanı tərk edən Aleksey və Kahim möhtəşəm oynadılar. Onlar böyük enerji sərf etdilər. Severina və Mbinanı oyuna qoşmaqla hücumların sayını artırmaq istəyirdik. Həqiqətən, ikinci qola da çox yaxın olduq.
– Cavab matçında hücum futbolu oynayacaqsınız?
– Oyunu təhlil edəcəyik. Görək, nələri daha yaxşı edə bilərik. Düzdür, çətin matç olacaq. Finlandiyada yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
– Komandanın bu qədər epizodu dəyərləndirə bilməməyi sizi narahat edir?
– Açığı, yox. Epizod yarada bilməsəydik, narahat edərdi. Amma hər matç kifayət qədər qol fürsətlərimiz olur. Bu gün TNS-lə matçdakından daha çox şans yaratdıq. Futbol elə oyundur ki, bəzən qol fürsəti yaratmasan da nələrsə edə bilirsən. Dünya çempionatının finalını da buna nümunə göstərə bilərəm. Məsələn, Argentina finalda qapıya zərbə belə vura bilmədi, amma oyun 120 dəqiqə keçdi. Bu gün də bizdə qol çatışmadı. Qol tortun üzərindəki albalı kimidir.
– Yeni transferlərin start heyətdə olmamağı nə ilə bağlıdır?
– Hələ mövsümün başlanğıcıdır. TNS-lə səfər matçında yeni transfer Almeyda meydana çıxdı. Çempion komandayıq, burada əməyi olan futbolçuları da başa düşməliyik. Onları “11-lik”dən çıxartmaq istəməzdim. Komandada yaxşı anlaşırlar. Yeni transferlər də duruma alışmalıdır, komandanı öyrənməlidirlər. Həqiqətən, fantastik futbolçular gətirmişik. Ən güclü “11-liy”i seçmək istəyirəm. Geniş heyətimiz var və hər oyunçu töhfə verəcək gücdədir. Bu gün də kifayət qədər yaxşı oynadıq, amma daha çox qol vurub, qalib gələ bilərdik. Alınmadığı üçün məyusluğumuz var.
– Növbəti potensial rəqiblərinizdən “Lex” hazırda səfərdə Danimarkanın “Orxus” komandasına 4 qolla qalib gəlir. Polşa təmsilçisi haqqında nə düşünürsünüz?
– Hazırda bütün diqqətim “KuPS”la cavab oyunundadır. Əvvəlcə bu mərhələni keçək, sonra növbəti rəqibi düşünəcəyik. Hazırda ən son düşünəcəyim şey “Lex”dir. Beynim hazırda “KuPS”la fokuslanıb. Sübut etməliyik ki, mərhələni keçməyə qadirik.

https://qelebe.az//uploads/photo/dambrauskas-merheleni-kechmeye-qadirik.webp