Futbolda qeyri-adi hadisə: Bir komanda 30 dəqiqə fərqlə iki oyuna çıxacaq
Şotlandiyanın beşinci liqasında çıxış edən “Conston Burq” klubu qeyri-adi vəziyyətlə üzləşib.
Apasport.az xəbər verir ki, komanda noyabrın 21-də cəmi 30 dəqiqə fərqlə iki müxtəlif kubok matçına çıxacaq.
Şotlandiya təmsilçisi əvvəlcə Şotlandiya İcmalar Kubokunda (Scottish Communities Cup) “Tayport”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Cəmi yarım saat sonra, saat 19:00-da isə komandanın Louland Liqa Kubokunda (Lowland League Cup) “Danipays”la oyunu start götürəcək.
Klub rəhbərliyi hər iki qarşılaşmada iştirak edəcəyini və oyunlara fərqli heyətlərlə çıxacağını açıqlayıb.
“Conston Burq” matçlardan birinin tarixini dəyişdirmək üçün müxtəlif təkliflər irəli sürüb. Hətta klub oyunların vaxtının dəyişdirilməsi müqabilində bilet satışından əldə edəcəyi gəlirdən imtina etməyə hazır olduğunu bildirib.
Lakin bütün cəhdlər nəticəsiz qalıb və qarşılaşmaların əvvəlcədən müəyyənləşdirilmiş vaxtlarda keçirilməsi qərara alınıb.
Beləliklə, “Conston Burq” eyni gündə, demək olar ki, eyni vaxtda iki fərqli kubok turnirində mübarizə aparacaq.

https://qelebe.az//uploads/photo/futbolda-qeyri-adi-hadise-bir-komanda-30-deqiqe-ferqle-iki-oyuna-chixacaq.webp