Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) Elit Hakimlər Direktoru Entoni Teylor hakim təyinatları ilə bağlı komitə üzvlərindən kömək istəyib.
QELEBE.AZ xəbər verir ki, ingiltərəli mütəxəssis Türkiyə Super Liqasının hakimlərini hələ tam tanımadığını bildirib.
“Hələ hakimləri tam tanımıram. Bununla bağlı mənə məlumat verə bilərsinizmi?” – deyə Teylor MHK üzvlərinə müraciət edib.
MHK daha əvvəl yaydığı açıqlamada Superliqa hakimlərinin təyinatlarının Entoni Teylorun, I Liqa hakimlərinin təyinatlarının isə “Talent & Mentor” proqramının koordinatoru Alan Snoddinin texniki qiymətləndirmələri əsasında həyata keçiriləcəyini bildirib.
Qurum təyinatlarda hakimlərin son çıxışlarının, oyunların xüsusiyyətlərinin və texniki meyarların nəzərə alındığını açıqlayıb.
Qeyd edək ki, MHK-nin sabiq sədri Ferhat Gündoğdu hakimlərlə bağlı aparılan istintaq çərçivəsində həbs olunduqdan sonra vəzifəsindən istefa verib. Hazırda Türkiyə Super Liqasında hakim təyinatları müvəqqəti olaraq MHK-nin Elit Hakimlər Direktoru Entoni Teylorun qiymətləndirmələri əsasında həyata keçirilir.

https://qelebe.az//uploads/photo/entoni-teylor-hakimleri-tanimadigini-etiraf-etdi-mhk-uzvlerinden-komek-istedi.webp