Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı
“Gənclərbirliyi”nin baş məşqçisi Metin Diyadin vəzifəsindən ayrılıb.
Apasport.az xəbər verir ki, 58 yaşlı mütəxəssis istefa qərarında israr edib.
Diyadin ötən gün istefasını rəhbərliyə təqdim etsə də, klub idarə heyəti bunu qəbul etməyərək onunla yola davam etmək qərarına gəlmişdi. Lakin rəhbərliyin təcrübəli mütəxəssisi fikrindən daşındırmaq cəhdi nəticə verməyib. Diyadin istefa qərarının qəti olduğunu bildirib və tərəflərin yolları ayrılıb. Klub prezidenti Arda Çakmak da mütəxəssisi razı salmağa çalışdıqlarını, lakin onun qərarını dəyişmədiyini açıqlayıb.
“Gənclərbirliyi” Diyadinin rəhbərliyi altında cari Superliqa mövsümündə 6 oyun keçirib. Ankara təmsilçisi bu görüşlərdə 2 qələbə qazanıb, 1 dəfə heç-heçə edib və 3 dəfə məğlub olub. Komanda 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Diyadinin komandası ilk iki turda “Fənərbaxça” və “Göztəpə”ni məğlub edib, “Ərzurumspor”la heç-heçə edib. Ardınca “Trabzonspor”, “Kasımpaşa” və “Başakşəhər”lə qarşılaşmalardan məğlub ayrılıb. Sonuncu görüşdə “Gənclərbirliyi” “Başakşəhər”ə 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Metin Diyadin ötən mövsümün son iki turunda yenidən “Gənclərbirliyi”nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda “Kasımpaşa” və “Trabzonspor”u məğlub edərək 6 xal toplayıb və Superliqada qalmağı bacarıb.

https://qelebe.az//uploads/photo/metin-diyadin-qerarindan-donmedi-genclerbirliyinden-ayrildi.webp