Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
QELEBE.AZ xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mərasim cüdonun inkişafı və əldə olunan nailiyyətlərə həsr edilmiş videoçarxla başlayıb.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxışında dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda idmana və cüdonun inkişafına göstərilən diqqətdən danışıb, həmçinin Beynəlxalq Cüdo Federasiyasına əməkdaşlığa görə təşəkkür edib.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də Azərbaycan hökumətinə dünya çempionatının təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Daha sonra o, dünya çempionatını açıq elan edib.
Rəsmi hissədən sonra Azərbaycanın mədəni irsini və ənənələrini əks etdirən bədii proqram nümayiş olunub.
Qeyd edək ki, oktyabrın 11-də başa çatacaq dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycan fərdi yarışlarda 24 idmançı ilə təmsil olunur. Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu olub.

https://qelebe.az//uploads/photo/bakida-cudo-uzre-dunya-chempionatinin-achilish-merasimi-kechirilib.webp