Mərc skandalı - "Erzurumspor"un prezidenti: "Hesab illər əvvəl açılıb"
“Ərzurumspor”un prezidenti Ahmet Dal mərc araşdırması çərçivəsində Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilməsi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, klub rəhbəri sözügedən mərc hesabını uzun illər əvvəl oyunları izləmək məqsədilə açdığını və sonradan aktiv istifadə etmədiyini bildirib.
Ahmet Dal qeyd edib ki, araşdırmaya səbəb olan əməliyyatlar onun “Ərzurumspor”da idarə heyətinin üzvü olduğu dövrə təsadüf edir:
“Həmin hesab çox əvvəl matçları izləmək məqsədilə açılmışdı. Daha sonra isə aktiv istifadə etmədiyim köhnə hesab kimi qalıb. Sözügedən əməliyyatların idarə heyətinin üzvü olduğum dövrdə aparıldığı görünür”.
Klub prezidenti həmçinin keçmişdə bu məsələnin klub rəhbərləri üçün intizam pozuntusu sayıla biləcəyi barədə onlara hər hansı məlumat verilmədiyini söyləyib. Dal hadisədə “Ərzurumspor”un maraqlarına zidd hər hansı məqsədinin olmadığını vurğulayıb.
O, azarkeşlərə də müraciət edərək klubun nüfuzuna xələl gətirəcək heç bir addım atmadığını və bundan sonra da belə davranışa yol verməyəcəyini bildirib.
Qeyd edək ki, TFF-nin apardığı mərc araşdırması çərçivəsində Superliqa və I Liqa klublarında son 5 ildə rəhbər vəzifələrdə çalışmış ümumilikdə 448 şəxs PFDK-ya göndərilib. Siyahıda “Trabzonspor” və Klublar Birliyinin prezidenti Ertuğrul Doğan, TFF İdarə Heyətinin üzvü Ural Aküzüm, “Bursaspor” prezidenti Enes Çelik və “Erzurumspor” prezidenti Ahmet Dal kimi tanınmış şəxslər də yer alıb. TFF onların vəzifədə olduqları dövrdə mərc əməliyyatları apardıqlarının müəyyənləşdirildiyini açıqlayıb.

https://qelebe.az//uploads/photo/merc-skandali-quoterzurumsporquotun-prezidenti-quothesab-iller-evvel-achilibquot.webp