“Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə

“Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə

“Qalatasaray” rəhbərliyi beynəlxalq fasilədən sonra komandanı gözləyən çətin oyunlar öncəsi futbolçuların motivasiyasını artırmaq üçün hərəkətə keçib.

QELEBE.AZ xəbər verir ki, klub prezidenti Dursun Özbekin göstərişi ilə futbolçulara yaxın günlərdə müəyyən ödənişlər ediləcək.

Rəhbərlik bununla həm UEFA üçün tələb olunan "borcsuzluq sənədi"ni almağı, həm də vacib qarşılaşmalar öncəsi komandada əhval-ruhiyyəni yüksəltməyi planlaşdırır.

Bundan başqa, ötən mövsüm qazanılan çempionluğa görə futbolçulara veriləcək mükafatların ödəniş qrafiki də hazırlanıb. Çempionluq bonuslarının hissə-hissə oyunçuların hesablarına köçürülməsi nəzərdə tutulur.

“Qalatasaray” beynəlxalq fasilədən sonra ağır oyun qrafikinə daxil olacaq. İstanbul təmsilçisi oktyabrın 13-də Çempionlar Liqasında “Barselona”nı qəbul edəcək. Ardınca oktyabrın 17-də Superliqada “Gənclərbirliyi” ilə səfərdə, oktyabrın 21-də isə Çempionlar Liqasında “Lill”lə Fransada qarşılaşacaq. Okan Burukun komandası oktyabrın 26-da “Fənərbaxça” ilə derbiyə çıxacaq.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının ilk turunda səfərdə “Sportinq”ə 1:3 hesabı ilə məğlub olub.