Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər regionda şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək.
Apasport.az xəbər verir ki, bununla bağlı qərar Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında qəbul olunub.
Assosiasiyanın baş katibi İlahə Qədimovanın sədrliyi ilə keçirilən Baş Assambleyada qurumun 2030-cu ilə qədər inkişaf strategiyası müzakirə edilib. Strategiyaya ümumi şahmat akademiyasının yaradılması, yeni beynəlxalq turnirlərin təşkili, eləcə də məşqçi və hakimlərin peşəkar hazırlığı üzrə proqramların həyata keçirilməsi daxildir.
Strategiyanın əsas layihəsi Türkdilli Ölkələrin Şahmat Akademiyası (“Turkic Chess Academy”) olacaq. Akademiya üzv ölkələrin şahmat məktəblərinin təcrübəsini bir araya gətirəcək. Burada məşqçi və hakimlərin birgə hazırlanması, təcrübə mübadiləsi, seminar və təhsil proqramlarının keçirilməsi planlaşdırılır.
Bundan başqa, şahmat sahəsində rəqəmsal texnologiyaların tətbiqi və mütəxəssis mübadiləsi də əsas prioritetlərdən olacaq. Assosiasiya turnir təqvimini genişləndirməyi, komanda və fərdi yarışların, həmçinin birgə təlim-məşq toplanışlarının sayını artırmağı hədəfləyir. Yeniyetmə şahmatçılar və veteranlar üçün də xüsusi turnirlər təşkil olunacaq.
Qeyd edək ki, iclasda Azərbaycanı Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.

https://qelebe.az//uploads/photo/turkdilli-olkeler-shahmatin-inkishafi-uchun-birge-layiheler-heyata-kechirecek.webp