Fərid Namazov: “Neftçi” dominant oynayırdı”
Misli Premyer Liqasının V turunda "Neftçi" "İmişli"ni məğlub edib - 3:2.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra əyalət təmsilçisinin baş məşqçisi Fərid Namazovun mətbuat konfransı keçirilib.
"Neftçi" 4 turda 3 qələbə qazanmışdı. Əlbəttə onların məqsədi çempion olmaqdır. Təzyiqin olacağını bilirdik. "Neftçi"nin ilk 15 dəqiqədə hücum edib hesabı açmağa çalışacağını gözləyirdik. Təzyiqi üzərimizdən atıb öz oyunumuzu oynamağa çalışırdıq. İlk 15 dəqiqə heç də yaxşı alınmadı. Birinci qolu buraxdıq, ardınca 2 qol... Daha sonra sistem dəyişikliyinə getdik. Meydandakı oyunçuların yerlərini dəyişdik. Şükürlər olsun ki, tez toparlandıq və fasiləyə bərabərliklə getdik. İlk 20 dəqiqə "Neftçi"nin üstünlüyü şəraitində keçdi. Sonra oyunu bərabərləşdirməyə çalışdıq. Reallıq odur ki, "Neftçi" dominant oynayırdı. Bizim planımız əks-hücumlarda, keçidlərdə üstünlük yaratmaq idi.
- Qapıda Yusif İmanovun olmaması nə ilə bağlıdır?
- Performansı ilə bağlı deyil. İki gənc qapıçımız var. Planımız odur ki, il ərzində rotasiyalar edək. Hər ikisini tonusda saxlamaq istəyirik. Digər mövqelərdə də rotasiyalar edirik. Bu gün Bəxtiyar Həsənalızadəyə istərahət verməyi düşünürdük. Onu məcburiyyətdən oynatdıq. Sadiq Məmmədzadə qapıda ümidləri doğrultdu.
- Vüsal Qəmbərovun adının iştirak ərizəsində olmamasının səbəbi nədir?
- Vüsal artıq "Şəfa" ilə anlaşıb. Mövsümün əvvəlindən təklifləri var idi. "Şəfa"nın təklifi daha cəlbedici olduğu üçün klublar arasında razılıq əldə olundu. Vüsal Qəmbərov bundan sonra "Şəfa"nın şərəfini qoruyacaq.

https://qelebe.az//uploads/photo/ferid-namazov-neftchi-dominant-oynayirdi.webp