Yuri Vernidub: “Bu, yaxşı hal deyil”

Yuri Vernidub: “Bu, yaxşı hal deyil”

Misli Premyer Liqasının V turunda "Neftçi" "İmişli"ni məğlub edib - 3:2.

Apasport.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

- Niyə belə çətin qələbə qazandız?

- Birinci hissədə istədiyimiz kimi oynayırıq. Hansısa komanda 0:2 öndə olarkən hesab bərabərləşirsə, bu, yaxşı hal deyil. Futbolçulara demişəm ki, belə oynamağa  haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik. Anlayıram ki, süni örtüklü meydançada oynamaq çətindir. Amma "İmişli" də eyni meydançada oynayır. Səhvləri araşdıracağıq, hər kəslə danışacağıq. Çox yersiz 2 qol buraxdıq. Bunları etməməli idik.

- Oyun bitəndən sonra hakimə narazılığınızı bildirirdiz?

- Hakimə narazı olduğum hansısa məqamla bağlı heç nə demədim.

- Qustavo Klisman gözəl qol vurdu. Bu, mövsümün qolu seçilə bilər?

- Bəli, bundan da yaxşı qollar görmüşəm. Məni sevindirən odur ki, yeni oyunçular performanslarını artırıblar. Digər xoş tərəf isə odur ki, meydana sonradan buraxdığımız futbolçu belə gözəl qol vurdu və bizə qələbə qazandırdı.

- Qeyd etdiz ki, yersiz qollar buraxdıq. Müdafiə xəttində çıxış edən futbolçuları tez-tez dəyişmək oyuna mənfi təsir etmir?

- Axtarışdayıq. Mərkəz müdafiəçiləri ilə digər oyunçular arasında əlaqələri yoxlamaq üçün bu cür gedişlər edirik. Əsas odur ki, əlimizdə 4 yaxşı mərkəz müdafiəçisi var. Hamı oynamaq istəyir. Çalışacağıq ki, hamıya şans verək.

- Bassala Sambunun adı oyunun iştirak ərizəsində yox idi. O, komandadan gedəcək?

- Bunu zaman göstərəcək. Hələ ki bizimlədir. Bəzi nüanslar var ki, komandanın daxilindədir. Bunları araşdıracağıq. Sambu başa düşməlidir ki, futbola futbol kimi yanaşmaq lazımdır.