Şose velosipedi üzrə ölkə kubokuna yekun vurulub

Şose velosipedi üzrə ölkə kubokuna yekun vurulub

Avqustun 14-15-də şose velosipedi üzrə ölkə kuboku yarışı keçirilib.

QELEBE.AZ xəbər verir ki, yarışın ilk günündə Pirallahı rayonunda fərdi ötüşmə üzrə mübarizə aparılıb.

15 yaşadək oğlanlar arasında 10 km məsafəyə fərdi ötüşmədə İsmayıl Xankişiyev (ROEQİUGVM) qalib olub. Abdurrəhman Rəfiyev (AE Cycling School) ikinci, Emil Abbasov (AE Cycling School) üçüncü yeri tutub.

17 yaşadək oğlanların 20 km məsafəyə fərdi ötüşməsində Raul Mahmudov (AE Cycling School) ən yaxşı nəticəni göstərib. Emil Vaxrameyev (ROEQİUGVM) ikinci, İlkin Sadıqzadə (Təhsil) üçüncü olub.

Yeniyetmə qızların 10 km məsafəyə fərdi ötüşməsində isə Məryəm Hüseynova (ROEQİUGVM) birinci olub. Elenika Vəlizadə (ROEQİUGVM) ikinci, Sevinc Sultanzadə (AE Cycling School) üçüncü yeri tutub.

İkinci yarış günündə velosipedçilər Qobustan rayonunda qrup ötüşməsində güclüləri müəyyənləşdiriblər.

15 yaşadək oğlanların 60 km məsafəyə qrup ötüşməsində İsmayıl Xankişiyev (ROEQİUGVM) qalib gəlib. Anar Mustafazadə (Təhsil) ikinci, Ayxan Pənahlı (AE Cycling School) üçüncü olub.

17 yaşadək oğlanlar arasında 80 km məsafəyə qrup ötüşməsinin qalibi Raul Mahmudov (AE Cycling School) olub. Əli Zeynalzadə (ROEQİUGVM) ikinci, İlkin Sadıqzadə (Təhsil) üçüncü yeri tutub.

Yeniyetmə qızların 20 km məsafəyə qrup ötüşməsində də Məryəm Hüseynova (ROEQİUGVM) birinci olub. Sevinc Sultanzadə (AE Cycling School) ikinci, Elenika Vəlizadə (ROEQİUGVM) üçüncü pillədə qərarlaşıb.

Beləliklə, iki yarış gününün yekununda 15 yaşadək oğlanlar arasında İsmayıl Xankişiyev, 17 yaşadək oğlanlarda Raul Mahmudov, yeniyetmə qızlar arasında isə Məryəm Hüseynova həm fərdi, həm də qrup ötüşməsində qalib olaraq ölkə kubokunda ən yüksək nəticəyə imza atıblar.