Boksçularımızdan Avropa çempionatına 3 qələbə ilə start
Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa çempionatına start verilib.
Apasport.az xəbər verir ki, 35 ölkənin qatıldığı yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Boksçularımızdan üçü çempionata qələbə ilə başlayıb.
Gülər Hüseynova (51 kq) 1/8 finalda Nataşa Lukiçlə (Serbiya) döyüşüb. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda rəqibini 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, avqustun 17-də 1/4 finalda ilk mərhələdən azad olan Patrisia Petrimanla (Macarıstan) qarşılaşacaq.
Əli Əliyev (50 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda İmad Bouraouiaya (İtaliya) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Milli üzvü avqustun 15-də ikinci görüşündə Adrian Zameçiki (Slovakiya) sınağa çəkəcək.
Əli Baxışov (60 kq) da adını 1/8 finala yazdırıb. Təmsilçimiz Artur Avetisyanla (Ermənistan) döyüşdə hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 5:0 (28:25, 27:26, 27:26, 27:26, 27:26). O, avqustun 16-da Petar Krpanla (Xorvatiya) üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatına avqustun 21-də yekun vurulacaq.

https://qelebe.az//uploads/photo/bokschularimizdan-avropa-chempionatina-3-qelebe-ile-start.webp